Azərbaycanın taekvondo və parataekvondo üzrə yeniyetmələrdən ibarət milli komandaları avqustun 20-də Rumıniyanın paytaxtı Buxarestdə başlanacaq Avropa birinciliyinə yollanır. Taekvondo Federasiyasından Lent.az-a verilən məlumata görə, yığmamız səfərə qurumun vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi altında çıxacaq.
5 gün davam edəcək yarışda ölkəmizi taekvondoçulardan Ümid Məmmədov (33 kq), Əli İsazadə (37 kq), Cavid Məmmədov (41 kq), Əli Məmmədov (45 kq), Bəxtiyar Həsənov (49 kq), Nurlan Fətəliyev (53 kq), Nicat Əsgərli (57 kq), Əliəsgər Əliyev (61 kq), Mirəli Hüseynov (65 kq), Sevda Pirseyidov (29 kq), Nərgiz Mirzəyeva (33 kq), Cəvarət Dövlətova (44 kq) və Məleykə Quliyeva (51 kq) təmsil edəcək. Onlar baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun tapşırıqlarını yerinə yetirəcəklər.
Parataekvondo millimizin baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov da Buxarestdə güvənəcəyi heyəti müəyyənləşdirib. İkiqat dünya çempionu Aynur Məmmədova (57 kq), Vüsal İsmayılov (+80 kq), gümüş mükafatçılardan Bahar Şıxəliyeva (49 kq), Əbülfəz Abuzərli (68 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı, eləcə də bürünc medalçılardan Emin Nüsrətdinov (hər ikisi 58 kq), Aleksandr Poluşuk, Rövşən Rzayev (hər ikisi 80 kq) və milli komandanın digər üzvü Nicat Müslümov (68 kq) da Avropa çempionatına qatılacaq heyətə cəlb olunub.
Qeyd edək ki, parataekvondo üzrə II Avropa çempionatına avqustun 21-də start veriləcək.