Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında iştirak imkanı yaranıb. Bu barədə Lent.az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
O bildirib ki, noyabrın 24-də start götürəcək çempionata sonuncu vəsiqənin sahibi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinovun namizədi qismində məhz yığmamız ola bilər. Lakin hələ İllümjinovla məsləhətləşmələr aparılmayıb. Məmmədovun sözlərinə görə, bu, baş versə, komandamıza yeni kapitan təyin olunacaq. Əvvəlki kapitan Vladimir Tukmakovun müqaviləsi isə uzadılmayacaq.
Qeyd edək ki, dekabrın 6-dək keçiriləcək dünya çempionatında 10 ölkə mübarizə aparacaq. Bunlar 2011-ci il dünya çempionatının qalibi Ermənistan, 2012-ci il Ümumdünya Şahmat Olimpiadasında uğurla çıxış etmiş Rusiya, Ukrayna və Hollandiya, müvafiq olaraq, Avropa, Amerika, Asiya və Afrika qitələrindən vəsiqə qazanmış Almaniya, ABŞ, Çin və Misir, təşkilatçı ölkə sayılan Türkiyə və FİDE prezidentinin hələlik adı açıqlanmayan namizədidir. Çempionatda hər komandanın heyətində 5 əsas, 1 ehtiyat olmaqla, 6 şahmatçı yer alacaq.