Futbol üzrə Azərbaycan milli komandası yenə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplantısı keçirəcək. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplanış martın 1-də başlanacaq.
Hazırlıq prosesinin son günündə - martın 5-də millimiz beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Rəqib isə Filippin yığması olacaq. Hələlik oyunun vaxtı və yeri məlum deyil. Millimiz FİFA-nın son reytinq siyahısında 127-ci pillədə yer almış bu komanda ilə tarixində ilk dəfə qarşılaşacaq. İki il öncə Dubay toplanışında da yığmamız Sinqapur, Hindistan və Fələstin kimi ekzotik komandalarla qarşılaşıb.
Qeyd edək ki, fevralın 23-də 2016-cı il Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Bu səbəbdən, AFFA yoldaşlıq oyunu üçün rəqibi püşkatmadan əvvəl müəyyənləşdirmək qərarına gəlib.