Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Lent.az-ın məlumatına görə, 1 oyunluq mübarizə nəticəsində növbəti mərhələyə yüksələnlər arasında I divizion təmsilçisi də var.
Bu, “Araz Naxçıvan”dır. Muxtar Respublikanın komandası gərgin mübarizədə Topaz Premyer Liqasında yarışan “Simurq”u üstələməyi bacarıb. Oyunun əsas vaxtında 2:2 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penaltilər seriyasına müraciət olunub. Bu zaman baş məşqçi Əsgər Abdullayevin komandası daha dəqiq olub.
¼ finalda “Araz Naxçıvan”ın rəqibi “Xəzər Lənkəran” olacaq. Lənkəran təmsilçisi yeni baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk oyununda I divizionda yarışan “Neftçala”nı darmadağın edib. “Ağ-yaşıllar” oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi”ni məhz Naxçıvan şəhər stadionunda üstələyiblər – 2:1. İndi isə “Xəzər Lənkəran”ı eyni məkana yerli komanda ilə oyun üçün səfər gözləyir.
Daha iki darmadağın “İnter” – “Şuşa” və “Qaradağ Lökbatan” – “Rəvan” matçlarında qeydə alınıb. Əvəzində “Qarabağ” AZAL-la, “Bakı” “Sumqayıt”la, “Qəbələ” “Mil-Muğan”la, “Neftçi” isə “Kəpəz”lə görüşlərdə ciddi müqavimətlə üzləşib. Bununla belə, favoritlər minimal fərqlə qalib gələ biliblər.
4 dekabr (çərşənbə)
Azərbaycan kuboku, 1/8 final
“İnter” (Bakı) – “Şuşa” - 6:0
Qollar: Aleksandr İaşvili, 27; 32; 62. Ruslan Əmircanov, 37. Asif Məmmədov, 45; 57. Abdulla Abatsiyev, 90+1
“Xəzər Lənkəran” – “Neftçala” - 4:0
Qollar: Sadio Tounkara, 8; 45. Etame Mbilla, 22; 43
“Qaradağ Lökbatan” (Bakı) – “Rəvan” (Bakı) - 2:5
Qollar: Rüfət Məmmədov, 24. Anar Həsənov, 59–penalti ilə - İvan Pexa, 51. Vüsal Qarayev, 29; 90. Elnur Abdulov, 42–penalti ilə. Rəşad Abdullayev, 64
Qırmızı vərəqə: Elçin Cəfərov, 42 ("Qaradağ Lökbatan")
“Bakı” – “Sumqayıt” - 2:1
Qollar: Aleksandr Soliç, 59-penalti ilə. Risto Ristoviç, 90+3 - Slavik Alxasov, 85
“Mil-Muğan” (İmişli) – “Qəbələ” - 1:2
Qollar: Elnur Məmmədov, 3 - Leonardo da Silva, 18. Abdulvahid Afolabi, 29
Qırmızı vərəqə: Çərkəz Həsənov, 17 ("Mil-Muğan")
“Neftçi” (Bakı) – “Kəpəz” (Gəncə) - 1:0
Qol: Ernest Nfor, 57
“Araz Naxçıvan” – “Simurq” (Zaqatala) - 2:2 (penaltilərlə - 4:2 )
Qollar: David Canalidze, 45. Bəxtiyar Solanov, 88 - Rəşad Eyyubov, 17-penalti ilə; 80
“Qarabağ” (Ağdam) – AZAL (Bakı) - 1:0
Qol: Reynaldo Silva, 80
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 70 (AZAL)
Beləliklə, ¼ finalda qarşılaşacaqlar:
“İnter” - “Neftçi”
“Rəvan” - “Bakı”
"Qəbələ” - “Qarabağ”
“Araz Naxçıvan” - “Xəzər Lənkəran”
Oyunlar gələn il 12-13 martda və 19 martda baş tutacaq.