Azərbaycan nümayəndə heyətinin İndoneziyanın Palembanq şəhərində keçiriləcək III İslam Həmrəyliyi Oyunlarına yolasalma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin qarşısına toplaşıb.
Nazir Azad Rəhimov idmançılarımız qarşısında çıxışında onların ölkəmizi layiqincə təmsil edəcəklərinə inam ifadə edib: “Elə çıxış etməlisiniz ki, hamı Azərbaycanın dinamik inkişaf edən idman ölkəsi olduğunu, xalqımızın idmanı çox sevdiyini görsün”.
Bundan sonra idmançılar onları gözləyən avtobusa, Rəhimov isə jurnalistlərə üz tutub. O, bildirib ki, Oyunlar İndoneziyanın paytaxtı Cakartadan 500 km-dək aralıda təşkil olunacaq. Bu səbəbdən, nümayəndə heyətimizi təyyarə və avtobusla üst-üstə 23 saatlıq yol gözləyir.
Nazir bir daha idmançılarımızın yüksək nailiyyətlərlə, medallarla qayıdacaqlarına inandığını vurğulayıb: “Biz ənənəvi növlərimizdən, o cümlədən, ağırlıqqaldıranlarımızdan və atletlərimizdən medallar gözləyirik. Proqnoz verməyi xoşlamıram. Amma digər növlərimizdə də medal qazanma ehtimalı çoxdur”.
III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi, beynəlxalq dərəcəli hakim Vaqif Əliyevdir. Eyni zamanda rəsmi nümayəndə heyətinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva, beynəlxalq proqramlar üzrə mütəxəssis Mehman Kərimov, İnformasiya, Nəşriyyat və MOK-lar arası Əlaqələr idarəsinin rəisi Cəmaləddin Rəhmanov və digərləri daxildir. Müxtəlif idman növlərində keçirilən yarışlarda, Azərbaycan bu dəfə 9 idman növü üzrə (atletika, taekvondo, badminton, karate, uşu, üzgüçülük, tennis, ağır atletika və kamandan oxatma) 54 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 2005-ci ildən keçirilir. Növbəti Oyunların 2017-ci ildə Bakıda keçirilməsi haqqında 25 iyul 2013-cü il tarixində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İHİF-nın 8-ci Baş Assambleyasında qərar qəbul olunub.