Apasport.az saytının məlumatına görə, mundialın son günündə yığmamızın üzvü Cavid Çələbiyev final qarşılaşmasını da qələbə ilə başa vuraraq, dünya çempionu adına layiq görülüb.
Belə ki, yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənərlaşdıran həmyerlimiz həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirib. 56 kq çəki dərəcəsində mübarizə aparan Çələbiyev bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 3:0 (30:27, 29:28, 29:28).
Mundialda debüt edən boksçumuz bununla da Azərbaycan boks tarixinə düşüb. O, Ağası Məmmədov və Məhəmmədrəsul Məcidovdan sonra dünya çempionatının qızıl medalını qazanan üçüncü boksçumuz olub.
Qeyd edək ki, Çələbiyevdən öncə Teymur Məmmədov (91 kq) yarımfinalda italiyalı Klemente Russoya uduzaraq, bürünc medalla kifayətlənmişdi. Məcidov isə bu gün final döyüşü keçirəcək.