Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş A. Rəhimovun Argentinanın paytaxtı Buenos-Ayresə Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyası ilə əlaqədar səfəri çərçivəsində baş tutub.
EOC-un digər rəsmilərinin də qatıldıqları tədbirdə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə edilib.
Daha sonra nazir 2012-ci il London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Koe ilə görüşüb. Müzakirə mövzusu isə I Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər olub.
A. Rəhimovun Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə 2014-cü il aprelin sonunda Bakıda təşkil ediləcək AIPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib. AIPS-in 90 illik yubileyi də gələn il qeyd ediləcək.
Qeyd edək ki, Azad Rəhimov dünya və Avropanın bir çox idman federasiyalarının rəhbərləri ilə də görüşüb.