Avtomobil qəzasında ayaqları tutulmuş idmançı Azərbaycan millisində - FOTO
03 iyul 2013 17:21 (UTC +04:00)

Avtomobil qəzasında ayaqları tutulmuş idmançı Azərbaycan millisində - FOTO

10 il öncə avtomobil qəzası nəticəsində hər iki ayağı tutulmuş Zamiq Həsənov Azərbaycanın paralimpiyaçı üzgüçülərdən ibarət milli komandasına cəlb olunub. Bu barədə Lent.az-a Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda 31 yaşında olan Həsənovun üzgüçülük bacarığına bir müddət öncə tanınmış paralimpiyaçımız Yelena Taranova Ukraynada olduğu vaxt təsadüfən şahidlik edib. Həmyerlimizin hovuzda peşəkarcasına üzdüyünü görən Taranova onunla tanış olub. Bundan sonra Həsənov Azərbaycana dəvət olunub və Mingəçevirdəki “Kür” Olimpiya Mərkəzinin hovuzunda peşəkar səviyyədə məşqlərə başlayıb.

 

Həmidovun fikrincə, yeni cəlb olunmuş idmançı ölkəmizə 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında medal qazandırmaq iqtidarındadır: “Məşqçilərimiz Həsənovda istedad, idmançı bacarığı görüblər. Onun növbəti paralimpiadada ölkəmizin bayrağını qaldıracağına ümidlərimiz böyükdür”.

 

Qeyd edək ki, Zamiq Həsənov Azərbaycandakı qəzadan sonra əvvəlcə Rusiyaya, sonra isə Ukraynaya yollanıb.

 

Elşən Məmmədov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985
avatar

Oxşar yazılar