Avropa Oyunlarının mükafatçıları olan əkiz bacılar: "Əziyyətimiz boşa getmədi"
“Dünya çempionatında bir qədər yaxşı çıxış edə bilmədim. Qrup mərhələsində 5 görüşü qalib başa vurub, 1/32 finalda honkonqlu qılıncoynadan üzərində 15:11 hesabı ilə qələbə qazandım. Lakin 1/16 finalda tunisli idmançıya eyni hesabla məğlub olaraq, mübarizəni dayandırdım”.
Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Avropa Oyunlarında qılıncoynatma yarışlarının gümüş medalçısı Sevil Bünyatova deyib.
Rusiyanın paytaxtı Moskvada keçirilən Dünya çempionatından yenicə qayıdan Bakı-2015-in finalçısı öncə mundialda çıxışını qiymətləndirib, ardınca Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Universiadada medal qazana bilməməsinə aydınlıq gətirib: “Bu yarışda da yaxşı çıxış edə bilmədik. Həm fərdi, həm də komanda mübarizəsində mükafatçılar sırasında yer almadıq. Kvanjuda da qrup mərhələsini lider kimi bitirib, 1/16 finalda uduzdum. Bunu yorğunluqla da bağlamaq mümkündür. Çünki təqvim gərgin idi. Son 2-3 ay ərzində Avropa çempionatı, Avropa Oyunları, Universiada və dünya çempionatına qatılmaq bir qədər insanı yorur, özünü toparlamağa vaxt az olur”.
Avropa Oyunlarının bürünc medalçısı, Sevilin bacısı Sevinc Bünyatova da dünya çempionatından və Universiadada çıxışından razı qalmayıb: “Qrupda cəmi 1 qələbə qazandım, lakin ardını gətirə bilmədim. Nəsə alınmadı. Amma komanda yarışlarında yaxşı çıxış etdik. Yalnız ev sahibi Rusiyaya məğlub olmaqla, 9-cu yeri tutduq”.
Əkiz bacılar ardınca Bakı-2015 barədə fikirlərini bölüşüb. Sevilin sözlərinə görə, yarışda gözlədiyindən də yaxşı çıxış edib: “Avropa Oyunlarından öncə finalda olacağımı düşünmürdüm. Düzdür, istəyimiz var idi və yarışa çox yaxşı hazırlaşmışdıq. Məşhur Olqa Xarlan və digər güclü idmançılar Bakıya gəldiyindən özümü finalda görmürdüm. Fikirləşirdim ki, “səkkizliyə” düşsəm, yaxşı olar. Birdən-birə finalda olmağın özü də böyük sevincdir. Bilirik ki, insan istədiyinə nail ola bilər”.
O bildirib ki, çempionluğuna görüş zamanı tələsməsi mane olub: “Finalda polşalı rəqiblə görüşdə 13:11 hesabı ilə öndəydim. Son zərbələr rəqibdəydi və bunu hakimlər qeydə almadı. Mənə elə gəlir ki, çempionluğuma qızıl medala tez qovuşmaq, bir az tələskənlik mane oldu. Rəqib isə daha ağıllı, səbrlə döyüşdü və inamla müdafiə olundu. Fikrimcə, bu karyeramın ən yüksək medalıdır. Bunu yalnız Olimpiya Oyunlarının mükafatı arxada qoya bilər. Bütün idmançıların əsas məqsədi məhz Olimpiadadır və burada fəxri kürsüyə yüksəlmək hamının arzusudur”.
Sevilin sözlərinə görə, yığmamızda lider Səbinə Mikinanı qabaqlaması heç də təsadüfü olmayıb: “Çünki hamı birinci olmaq istəyir, komandada liderliyi ələ almaq istəyir. Avropa Oyunlarında bu nəticəni qazanmaq üçün çox güclü məşqlər etmişdim. Rəqiblərimi lazımınca analiz etmişdim. Polşalı idmançının finala düşə biləcəyini gözləmirdim. Fikirləşirdim ki, Ukrayna, Yunanıstan və ya Rusiya təmsilçisi qızıl medal uğrunda döyüşə bilər. Onunla ilk dəfə qarşılaşırdım. Müxtəlif yarışlarda görsəm də, qarşılaşmamışdım. Amma finala kimi onu izləmişdim və döyüş tərzini “tutmuşdum”. Təəssüf ki, həmişə istədiyin kimi alınmır. Onunla döyüşdə səhvlərimə də baxmışam. Hesab 13:11 olarkən 2 dəfə hücuma keçmişəm və heç birində zərbə endirə bilməmişəm. Əgər əlavə, 2 addım da atsaydım, istəyimə çata bilərdim. Digər səhvim arxaya çəkilərkən olub: qorunmamışam və zərbə vurmuşam ki, bu da rəqibin xeyrinə işləyib. Həmçinin hesab 15:14 olarkən mən gözləməli idim ki, o, hansı addımı atacaq. Mənsə bunu etmədim hücuma keçdim və onun zərbəsinə tuş gəldim”.
Yarımfinalda polşalı Angelika Uotora uduzan Sevinc də rəqibinin səbir sayəsində qələbə qazanmasını etiraf edib: “Yarış öncəsi 10 gün Moskvada təlim-məşq toplanışında da olmuşuq. Hətta hazırlıqda da hamıdan gec zaldan çıxırdıq və bunun da nəticəsini gördük. Əziyyətimiz boşa getmədi. Polşalı ilə yarımfinal döyüşünə gəlincə, burada tələsməyim öz sözünü dedi. O, hücuma keçməyib, mənə belə bir şans yaradırdı. Mən də tələsdim və lazımınca müdafiə olunmadım”.
Avropa Oyunlarının yarımfinalında məğlub olaraq, finala gedən yolda büdrəməsinin səbəbini açıqlayan Sevinc həlledici görüşdə bacısına rəqib ola bilmədiyi üçün təəssüfünü gizlətməyib: “Çox yorulmuşdum. Həmçinin, hakim tez-tez görüşü saxlayıb, saçlarımı yığmağı tələb edirdi. Belə olan halda fikir də dağılır. Bəlkə çıxışıma bu da mane oldu. Bundan əlavə, hamının səni izləməsi və alqışlaması da məni həyəcanlandırırdı. Amma 3-cü yer də yaxşı nəticədir və Azərbaycanın bayrağını qaldırmağa nail oldum”.
Bacılar öncə məşğul olduqları rapira növünü sablyaya dəyişmələrinə peşman olmadıqlarını da vurğulayıblar. Sevil bildirib ki, bu qərarlarında rapirada inkişafın zəif olması da mühüm rol oynayıb: “Həmin vaxt yığmamızda Yelena Jemayeva kimi məşhur idmançı da vardı. Bu səbəbdən də məşqçilərimiz də bunun bizdə necə alınacağını yoxladı. Nəticədə 5 il məşğul olduğumuz rapira növünü sablyaya dəyişdik. Düzdür, hazırda da bizim bəzi zərbələrimiz var ki, baxanda rapiranı xatırladır. Amma sablya növünə keçməyimiz yaxşı oldu. Çünki bu növ daha maraqlıdır və cəldliyi sevir”.
Əkizlər finalda düşəcəkləri halda hər hansı bir güzəştə getməyəcəklərini deyiblər. Sevil bildirib ki, bu onlara bir çox yarışlarda qismət olub: “Mən həmişə Sevinci məğlub etmişəm. Bu dəfə finalda üz-üzə gəlsəydik, məncə, heç birimiz güzəştə getməzdik. Hətta finala birinci mən vəsiqə qazandım və bacıma “səni həlledici görüşdə gözləyirəm” dedim. Təəssüf ki, bu reallaşmadı. Yarışlarda da əsasən mən ona ruh yüksəkliyi verirəm. Ona necə “işləmək” lazim olduğunu da mən deyirəm. Bilmirəm, nədən irəli gəlir, amma Sevincin həmişə qalib gəlməsinə çox sevinirəm”.
Sevil Avropa Oyunlarında medal qazanmalarında məşqçisinin rolunu xüsusi vurğulayıb. O bildirib ki, uğurlarında əsas pay sahibi məhz yığmamızı da çalışdıran Fikrət Vəliyevdir: “Çünki uşaqlıqdan indiyədək bizi o məşq etdirir. Səhvlərimiz üzərində işləyib, harada necə zərbə vurmağı, çəkinmədən döyüşməyi başa salır. Bir sözlə, üzərimizdə müəllimimizin əziyyəti böyükdür. Həmişə “sizə görə saçımı ağartmışam” deyir. Həqiqətən bu sözlərlə razılaşıram ki, o, ailəsindən çox zalda bizim yanımızda olur”.
Sevinc Avropa Oyunlarında nailiyyət qazandıqdan sonra tanındıqlarını da deyib. O bildirib ki, 2 bacı 2 Azərbaycan bayrağını birdən yüksəltməkləri onlara diqqəti kifayət qədər artırıb: “Bu yaxınlarda yolda bir xanım yaxınlaşıb, soruşdu ki, siz Avropa Oyunlarında medal qazanan qızlarsız? Mən “bəli” dedikdən sonra “təbrik edirəm” söylədi. Belə hadisələr çox olub. Hətta bəzən bizi tanıyaraq, öz aralarında danışanlara da rast gəlmişik. Bu da çox sevindirici haldır. Həmyerlilərimizin bizi ayırmasına gəlincə, onlar “sən ikinci, yoxsa üçüncü yerin sahibisən?” dedikdə, “mən üçüncüyəm, bacım isə ikincidir” deyirəm. Amma bəzən biri oxşayırsız, digəri oxşamırsız deyir”.
Sevil isə Sevincdən hər cəhətinə görə fərqləndiyini söyləyib. Onun sözlərinə görə, onlarla ünsiyyətdə olan hər bir kəs ardınca hansının kim olduğunu asanlıqla bilir: “Bizi hər gün görsələr, bizlə ünsiyyətdə olsalar, 100 faiz ayıracaqlar. Düzdür, əkiz olduğumuzu bilirlər.
Lakin biz xasiyyətcə də başqa-başqa insanlarıq. Bunu bizlə ünsiyyətdə olduqda da görürlər. Lakin başımıza maraqlı hadisələr çox gəlib. Mən milli komandaya Sevincdən tez çağırılmışdım. Məsələn, 11-ci sinifdə yay imtahanları zamanı yarışda olduğumdan yerimə bacım getmişdi. Amma bunu heç kim başa düşməmişdi”.
Sevinc bildirib ki, bu, ayrı-ayrı məktəblərdə oxuduğu üçün reallaşıb: “Mən imtahanları tez bitirmişdim və bu səbəbdən də bacımı əvəzləmişdim. Bunu heç kəs belə bilməmişdi. Hətta Sevilin sinif yoldaşı “Sevil, necəsən, nətərsən” deyirdi. Mən də ona baxaraq, “yaxşıyam, saq ol” bildirdim”.
Sevil yarışlarda hakimlərin və idmançıların da onları səhv salmadığını bildirib: “Bizim döyüş üslubumuz da fərqlidir. Məsələn, mən hücuma keçməyi, Sevinc müdafiə olunmağı sevir. Həm də artıq uzun müddətdir ki, bizi yarışda gördüklərindən tanıyırlar. Bu səbəbdən də yarışda yerimizi dəyişə bilmərik. Fikrimcə, həmin vaxt tanıyarlar”.
Sevil gümüş medal aldıqdan sonra ailədə necə xoş qarşılanmasını unutmayacağını da deyib. Onun sözlərinə görə, karyerasında 1 illik fasilə yarandığından ailəsində heç kim ondan Avropa Oyunlarının ikincisi olacağını gözləmirmiş: “Hamısı sevinirdilər, bəlkə də şokdaydılar. Sevincdən özlərinə gələ bilmirdilər. Hamı sevinirdi, təbrik edirdi. Çünki bizdən uğur gözləmirdilər. Həmçinin idman növümüzdə 2 bacının, özü də əkizlərin mükafatçılar arasına düşməsi indiyədək olmamışdı”.
Sentyabrda toyu olacaq Sevinc Avropa Oyunlarında qazandığı pul mükafatına cehiz alacağını desə də, hələlik buna vaxt edə bilmir: “Dünya çempionatından yeni qayıtmışıq, inşallah, alınar”.
Ondan fərqli, Sevil həmin mükafatla 1 yaşlı uşağının gələcəyini qurmağı planlaşdırır: “Uşağımın gələcəyini hər şeydən üstün tuturam. Bu səbəbdən də mükafatımı ona xərcləyəcəm. Çəkdiyim bütün bu əziyyətlər ona görədir”.
Bacısına daima dəstək olan Sevil ev işlərində Sevincin daha aktiv olduğunu etiraf edib: “Ev işləri ilə heç aram yoxdur. Bu işlərdə Sevinc yaxşıdır. O, çox təmizkardır. Yarışa yollanan vaxtlarda bir otaqda qalsaq da, yenə də bacımın səliqəsi hər şeyi həll edir”.
Sevincin sözlərinə görə, Sevil subay olanda işlər yarıbayarı bölünsə də, bir-birinin işlərini bəyənməyiblər: “O iş görəndə mənim xoşum gəlmirdi və ya əksinə. Bunun da üstündə həmişə dalaşırdıq. İndi Sevinclə ayrı yaşayırıq və bu cür söz-söhbətlər olmur”.
Avropa Oyunlarının bürünc mükafatçısı bu yarışın dünyada böyük əks-səda doğurduğunu da vurğulayıb. Onun sözlərinə görə, Bakı-2015-dən sonra qatıldıqları dünya çempionatında və universiadada Avropa Oyunları barədə yalnız xoş sözlər deyiblər: “Bu yarışlarda bizə yaxınlaşıb, həm təbrik edir, həm də yarışın təşkilatçılığı barədə ən xoş sözlərini söyləyirdilər. İtaliyalı hakim məni gördükdə, hətta ingiliscə “Good Baku” söyləyirdi. Doğurdan da, hamı yarışla bərabər, Atletlər kəndini ancaq tərifləyirdi. Deyə bilərəm ki, biz bir neçə turnirə qatılmışıq, amma Bakı-2015 hamısından əla idi”.
Sevil qılıncoynatma növünün ölkəmizdəki hazırkı vəziyyətindən və özünün gələcək planlarında da danışıb: “Dünya çempionatında yaxşı çıxış etdiyimizdən komanda kimi 10-cu yerdəyik. Qadınlarla müqayisədə, kişilərdən ibarət yığmamız bir qədər zəifdir. Bu da bəlkə şansdan irəli gəlir. Hazırda bizə 10 günlük istirahət veriblər. Ardınca yenidən məşqlərə başlayacağıq. Yarışlarımıza isə oktyabrdan start veriləcək. Fransa, ABŞ və Venesuelada Qran-pri, Dünya Kubokuna qatılmalıyıq. Bütün bu yarışlar Olimpiadaya lisenziya xalı verəcək. Həmin vaxta kimi 3-4 ay olduğundan daha yaxşı hazırlaşmağı hədəfləmişik. Bütün idmançıların arzusu olduğu kimi biz də Olimpiadada iştirak etmək istəyirik. İnşallah, lisenziyanı qazanmaq üçün əlimdən gələni edəcəm”.
Onun bacısı Sevincin də əsas arzusu Yay Olimpiya Oyunlarına qatılmaqdı: “Mən də Olimpiadaya vəsiqə qazanmağa çalışacam. Çünki lisenziya xalları yığılacaq əsas yarışlar qarşıdadır. Düzdür, mən reytinqdə Sevildən öndəydim. Lakin son yarışlarda özümü yaxşı tərəfdən göstərmədiyimdən geri düşdüm”.
Əkizlər istirahətlərini necə və harada keçirəcəklərini də hələ tam planlaşdırmayıblar. Sevil bildirib ki, bu günləri uşağı ilə birgə keçirmək arzusundadı: “Bunu paytaxtda və ya kənarda edəcəyimi hələ fikirləşməmişəm. Amma istəyirəm harasa gedəm, yorğunluğu üzərimdən atam və əvvəlki gücümü bərpa edəm”.
Sevinc isə toyuna hazırlaşdığından istirahətə vaxtı olmayacaq: “Yəqin ki, evdə olacam və ardınca da məşqlər başlayacaq. Bəlkə də 2-3 gün dincəlməyə vaxt tapdım”.
“Neftçi İdman Klubu”nu təmsil edən bacılar sonda təmsil etdikləri kluba təşəkkür də edib. Onlar bildiriblər ki, medal qazanmalarında “Neftçi”nin də əməyi böyükdür.
278