Azərbaycanın “Qarabağ” və “Xəzər Lənkəran” klubları futbol üzrə Avropa Liqasında mübarizəyə başlayıblar. Lent.az-ın məlumatına görə, hər iki komandamız I təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə keçirib.
“Qarabağ” Makedoniyada “Metallurq”la üz-üzə gəlib. Oyun komandamızın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 64-cü dəqiqədə Reynaldo Silva vurub. Bununla da Ağdam komandası iyulun 11-də keçiriləcək cavab görüşü öncəsi böyük üstünlük əldə edib.
Elə “Xəzər Lənkəran” da Maltada “Slima” ilə qarşılaşmada əlverişli nəticəyə nail olub. Hərçənd, “ağ-yaşıllar” qələbəni əldən veriblər. Hesabı 13-cü dəqiqədə Lənkəran komandasının yeni transferi Franko Nildo açıb. 62-ci dəqiqədə isə “Slima”nın futbolçusu Ohavuçi Nka bərabərlik qolunu vurub. “Xəzər Lənkəran” oyunu 10 futbolçu ilə başa vurub. 83-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovulan Elnur Allahverdiyev iyulun 11-də keçiriləcək cavab görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçimiz “İnter” ilk görüşünü iyulun 4-də Bakıda Finlandiya “Mariehamn”ına qarşı keçirəcək.
Avropa Liqası: “Qarabağ” uddu, “Xəzər Lənkəran” qələbəni əldən verdi
1559