Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
50 kq
Mübarizəyə 1/8 finaldan başlayan Ramiz Məmmədovun ilk rəqibi Rusiya güləşçisi Batır Bultayev olub. Tam üstünlüklə rəqibinə (8:0) qalib gələn Ramiz Məmmədov 1/4 finalda gürcü İrakli Şavadzeni məğlub edə (0:6) bilməyib. Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Ramiz Məmmədovun rəqibi Türkiyə təmsilçisi Yasin Karadaşlı olub. 8:4 hesablı qələbə ilə güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.
60 kq
Yeniyetmələrin Sinqapur Olimpiadasının qalibi Elman Muxtarov 1/16 finaldan mübarizəyə qoşulub. Ardıcıl olaraq Finlandiya təmsilçisi Cerri Pitkaneni (6:1), xorvat Kristian Simatiçi (6:1) məğlub edən Elman Muxtarovun 1/4 finalda rəqibi Almaniya təmsilçisi Deniz Menekşe olub. Rəqibinə heç bir şans verməyən (5:0) Elman Muxtarov yarımfinala vəsiqə qazanıb. Finala yüksəlmək üçün o gürcü güləşçisi Kviça Tçitavanı (4:1) məğlub edib. Finalda rəqib Rusiya təmsilçisi Artur Suleymanov olub. 1:7 hesabı ilə rəqibin qələbəsi nəticəsində Elman Muxtarov gümüş medalla kifayətlənib.
74 kq
Hacımurad Bağmanov 1/8 finalda Rusiya güləşçisi Adlan Akiyevlə qarşılaşıb, ancaq görüş təmsilçimiz üçün (0:4) uğurlu alınmayıb. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Bu imkanı müsbət dəyərləndirən Hacımurad Bağmanov macar Erik Silvassini məğlub edib və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə rəqib gürcü Laşa Qobadze olub. Ancaq Hacımurad rəqibini üstələyə bilməyib.
96 kq
Əli Həsənov da mübarizəyə 1/8 finaldan qoşulub. Növbəti mərhələyə keçmək üçün təmsilçimiz macar güləşçi Zkolt Toroku məğlub etməli olsa da, o bu vəzifənin öhdəsindən gələ bilməyib (2:7). Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı versə də, Əli Həsənov bu şansı dəyərləndirə bilməyib.
Avropa çempionatı: Bir gümüş, bir bürünc
523