“Hesabat-Seçki konfransında elə bir köklü dəyişiklik gözlənilmirdi və belə də oldu”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan yığmasının sabiq futbolçusu Arif Əsədov deyib.
Qeyd edək ki, AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Səsvermənin nəticəsinə əsasən yeni prezident və İcraiyyə Komitəsinin (İK) üzvləri təsdiqlənib. Rövnəq Abdullayev qarşıdakı 4 ildə də Azərbaycan futboluna rəhbərlik edəcək, İcraiyyə Komitəsində isə 2 dəyişiklik olub.
Hesabat-Seçki Konfransında iştirak edən “Neftçi”nin sabiq baş məşqçisi bildirib ki, xarici işlər naziri Elmar Məmmədyarov və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun İcraiyyə Komitəsinə gətirilməsi ölkə futbolu üçün faydalı olacaq: “Burada futbol ictimaiyyətinin nümayəndələri üstünlük təşkil edərsə, veriləcək qərarlarda müsbət rol oynaya bilər. Elmar Məmmədyarov xarici işlər nazirimizdir. Fikrimcə, futbolumuz daima ölkədən kənarda təbliğ olunur və onun da təcrübəsi düzgün qərarlara öz təsirini göstərəcək”.
Əsədovun sözlərinə görə, fəaliyyətdə olan baş məşqçi Qurban Qurbanovun İcraiyyə Komitəsində çalışması öz komandasının mənafeyinə deyil, digər klubların da inkişafına yol açacaq: “Onun insani keyfiyyətləri çox yüksək olduğu üçün yalnız “Qarabağ”ın xeyri üçün hansısa təkliflər sürəcəyinə inanmıram. Əksinə, klublar və məşqçilərlə komitə arasında ünsiyyət az olur. Bu baxımdan, Qurban müəllimin orada olması haradasa kölgədə qalan, çatdırılması mümkün olmayan məsələlərin gündəmə gəlməsi baxımından müsbət bir haldır”.
Klublar Komitəsi legioner üçün rüsumu 20 min manatdan 5 min manata endirilməsini təklif etsə də, İcraiyyə Komitəsi bu təklifi müsbət qarşılamayıb. Mütəxəssis bunun müsbət və mənfi cəhətlərindən danışıb: “Bu, devalvasiya ilə bağlıdır. Dünyada baş verən böhran istər-istəməz Azərbaycan klublarına da təsir edir. Rüsumun aşağı salınması təklifi bununla bağlı idi. Amma bu təklif müsbət qarşılansaydı, ölkəmizə legioner axını olacaqdı və bu da yerli futbolçuların inkişafına maneçilik yaradacaqdı”.
Topaz Premyer Liqasında klubların sayının artıb-azalması ilə bağlı danışan A. Əsədov bildirib ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında verilsəydi, yarışa bir qədər maraq azala bilərdi: “Ötən il belə halla üzləşdik. Müəyyən müddət öncə hansısa komandanın I diviziona düşməyəcəyi deyildi, maraq bir qədər azaldı. Bəlkə də yeni mövsümlə bağlı bu məsələlərə yenə də baxıla bilər”.
Onun sözlərinə görə, qış fasiləsində Bakıda keçirilən turnirdə I divizionla Premyer Liqanın bəzi klubları arasında ciddi fərqin olmadığı üzə çıxıb. A. Əsədov bölgə komandalarının sayının artırılmasının azarkeş amilinə də böyük təsir edəcəyini açıqlayıb: ““Kəpəz”i xüsusi vurğulayardım. Burada olan ajiotaj möhtəşəmdir. Tovuz, Şəmkir və digər şəhərlərimizin də öz azarkeş ordusu var. Yadımdadır, “Neftçi” ilə “Şəmkir” arasında ölkə kubokun finalı Sumqayıtda keçirildi və hər 2 komandanı təxminən eyni sayda insan alqışlayırdı. Konfransda baş katib Elxan Məmmədov da qeyd etdi ki, qarşıdakı illərdə futbolumuzu bölgələrə aparmağa çalışırıq və AFFA da buna lazımı dəstəyi verəcək”.
Azərbaycan kubokunun 1/4 final mərhələsi barədə də danışan mütəxəssis 4 layiqli komandanın yarımfinala çıxdığını bildirib: “İlk oyunlardan sonra sürpriz gözlənilirdi. “Qarabağ” “Sumqayıt”a hər 2 matçda qalib gəlməklə güclü olduğunu ortaya qoydu. “Qəbələ” - “Zirə” cütünün ikinci matçında gözlənilməz hesab qeydə alındı. Səfərdə 2:1 hesabı ilə qalib gələn qəbələlilər Premyer Liqada ikinci yerdə qərarlaşan rəqiblərini 5:1 hesabı ilə məğlub etdilər. “Neftçi” - “Xəzər Lənkəran”a matçına gəldikdə, bu komandalar arasında hansı gücdə olmalarına baxmayaraq, daima gərgin oyunlara şahidlik edirik. İlk oyunda Lənkəran təmsilçisinin 3:2 hesabı ilə qələbə qazanması sürpriz olacağına işarə idi. Amma “Neftçi” evdəki qarşılaşmada öz səviyyəsini göstərdi və sürprizə imkan vermədi. “İnter” – “Rəvan” duelində də güclü komanda mərhələ adladı. “Rəvan” birinci matçda gözlənilmədən qalib gəldiyi halda, “bankirlər” cavab qarşılaşmasında iddiasını və səviyyəsini ortaya qoydular”.
A. Əsədov aprelin sonu, mayın əvvəlində olacaq yarımfinal qarşılaşmaları ilə bağlı gözləntilərini də açıqlayıb. O, İnter” - “Qarabağ” cütündə Ağdam təmsilçisini şanslı sayıb. “Neftçi” - “Qəbələ” dueli ilə bağlı proqnoz verməyə çətinlik çəkən veteran futbolçu “ağ-qaralar”ın avrokubok yollarının kubokdan keçdiyi üçün sonadək döyüşəcəyini bildirib. Veteran futbolçu “Xəzər Lənkəran”la oyun öncəsi mövsümdə 3-cü dəfə baş məşqçi dəyişikliyini də bununla əlaqələndirib.
Ötən mövsüm məhz Azərbaycan kubokunun finalında məğlubiyyətdən sonra istefaya göndərilən A. Əsədov bildirib ki, həmin dövrdəki vəziyyətə görə ən yaxşı nəticəni göstərib: “Dəyişikliyin bu komandaya nə dərəcədə xeyri olduğunu zaman göstərdi. Bəlkə də haradasa səhv addım idi. Həmin vaxt rəhbərliyim altında komanda maksimum nəticəni qazandı. Bəli, getməyimin səbəbi titul qazanmamağımız idi. Halbuki 2 yarışdan birində bunu bacarmalı idik. Çempion olmayıb, kuboku da almadıqda orada hansısa çətinliyə və ya səbəbə baxılmır”.
Hazırda Premyer Liqada yaxşı günlərini yaşamayan “Neftçi”nin “qara zolaq”dan çıxması yolları barədə də danışan sabiq baş məşqçi bildirib ki, seleksiya işləri düzgün aparılmalı və çalışdırıcıya inam olmalıdır: “Hər məşqçi gəldikdə öz ideyasını, fəlsəfəsini ortaya qoyur. Azarkeş isə bunu gözləmir və nəticədə təzyiqlər, istefalar başlayır. Sonda da məşqçini göndərməklə çıxış yolu axtarılır”.
“Neftçi”nin bütün mövqelərinin gücləndirilməsinə ehtiyac olduğunu deyən A. Əsədov xüsusilə müdafiənin axsadığını və komandada lider futbolçu görmədiyini də vurğulayıb: “Burada son illərdə legionerlər lider olublar. Onlar getdikdən sonra isə səviyyəli əcnəbi gəlmədi. Deyirlər ki, strategiya dəyişir, gənclərə yol açılır. Amma bunun üçün sənin səviyyəli yerli oyunçun olmalıdır. Bu yoxdursa, elə bir legioner gətirməlisən ki, gəncləri öz arxasınca apara bilsin. Amma bu gün “Neftçi”də gənclər hər oyun qırmızı vərəqə alırlar. Əsəbilik, gərginlik müşahidə olunur”.
“Qarabağ” rəhbərliyinin Qurban Qurbanova inamını önə çəkən mütəxəssis bu uğurlarda Rəşad Sadıqovun liderlik keyfiyyətlərinin də rol oynadığını deyib. A. Əsədov Ağdam təmsilçisinin ötən ilki kimi “Qızıl dubl” etməsinin mümkünlüyünü qeyd edib: “Ancaq bu hal o biri komandaları yaxşı mənada qıcıqlandırmalıdır ki, biz də həmin vəzifənin öhdəsindən gəlməliyik. Nə üçün bir komanda 3-4 il hegemonluq etsin?”