AFFA-nın Azərbaycan klublarına təyin etdiyi idman direktorları fevralın 1-dən rəsmən fəaliyyətə başlayıblar. Lent.az-ın məlumatına görə, müvafiq qərar AFFA İcraiyyə Komitəsinin ötən il dekabrın 18-də keçirilmiş iclasında qəbul edilib.
Həmin şəxslərdən Daril Villard (İngiltərə) AZAL, Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda çalışırlar, "Qəbələ"də isə Stenli Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir. Digər klublarda idman direktorlarının martın 1-dək işə başlamaları nəzərdə tutulub.
Qeyd edək ki, idman direktorları Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmələri üçün təyin olunublar. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, idman direktorunun məvacibi federasiya hesabına ödənilir. Klublarda bu istiqamətdə görülən işlərin monitorinqini AFFA aparacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq. Qərarın icrası federasiyanın baş katibliyinə tapşırılıb.