UEFA-ya üzv ölkələrin milli federasiyalarının prezidentləri və baş katiblərinin Xorvatiyanın Dubrovnik şəhərindəki toplantısında 2022-ci il dünya çempionatının qışda keçirilməsinə razılıq verilib. Bu haqda Lent. az-a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, toplantıda milli assosiasiyaların nümayəndələrindən Qətərdə təşkil olunacaq dünya çempionatının qış aylarında təşkilinə münasibət öyrənilib. İclas iştirakçıları ərəb ölkəsindəki hava şəraitinin yayda azarkeşlərə problem yaradacağını bildiriblər: “Düzdür, Qətər dövləti yayda stadionların kondisionerlərlə təchiz olunacağını bildirib. Lakin oyuna axışan azarkeşlər çöldə istinin təsirini hiss edəcəklər. Ona görə də 2022-ci il mundialının qış aylarında təşkilinə səs verdik”.
Məmmədovun fikrincə, bu məsələnin çempionata 9 il qalmış müzakirə edilməsi müsbət haldır. Çünki milli federasiyaların daxili yarışlarının təqvimini mundiala uyğun müəyyənləşdirmək üçün kifayət qədər vaxtları olacaq. Digər tərəfdən, planetin ən nüfuzlu turnirinin keçirildiyi müddətdə bütün milli çempionatlara fasilə veriləcək: “Əslində bu qayda Avropa kuboklarının keçirildiyi günlərə də şamil olunur. Yəni, Çempionlar Liqası və Avropa Liqasının oyunlarının olduğu günlərdə Premyer Liqa qarşılaşmaları təşkil etməyə ixtiyarımız yoxdur. Əks halda, UEFA-dan xəbərdarlıq məktubu alacağıq ”.
Qeyd edək ki, 2022-ci il dünya çempionatının konkret tarixini FİFA müəyyənləşdirəcək.