Rusiyanın Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi “Rusiya peşəkarları” işçi jurnalı ilə birgə layihə həyata keçirib. Lent.az-ın məlumatına görə, “Sovet futbolunun tarixi” layihəsi çərçivəsində “Professional” nəşriyyatı tərəfindən nəşr olunmuş kitabda “Neftçi” SSRİ çempionatlarının ən güclü komandaları siyahısında yer alıb.
Kitabın “Neftçi”yə aid hissəsində Azərbaycanda idmana eləcə də futbola dövlət səviyyəsində diqqət və qayğının göstərildiyi vurğulanıb. Məqalədə prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın uğurla icra edildiyi qeyd olunub.
“Neftçi”nin tarixi uğurlarından bəhs olunan hissədə klubun son illər qazandığı nailiyyətlər əksini tapıb. Sadıq Sadıqovun kluba prezident təyin edilməsindən sonra ardıcıl 3 dəfə ölkə çempionluğunu qazanmış “Neftçi”nin Avrokuboklarda tarixi ilki gerçəkləşdirməsi haqqında geniş məlumat verilib. Bununla yanaşı, “ağ-qaralar”ın Avropa Liqasında “İnter” (İtaliya), “Rubin” (Rusiya) və “Partizan” (Serbiya) komandaları ilə oyunlarından fotolara yer verilib.