“Xəzər Lənkəran”ın eks-futbolçusu Kosta-Rikanı dünya çempionatına çıxardı
11 sentyabr 2013 11:22 (UTC +04:00)

“Xəzər Lənkəran”ın eks-futbolçusu Kosta-Rikanı dünya çempionatına çıxardı

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daha 5 ölkə yığması vəsiqəni təmin edib. Lent.az-ın məlumatına görə, seçmə oyunlarda Avropa zonasından bu hüquqa İtaliya və Hollandiya, Cənubi Amerikadan Argentina, Şimali Amerika və Karib hövzəsi zonasından isə ABŞ və Kosta-Rika milliləri yiyələnib.

 

Hollandiya yığması D qrupunda sona 2 tur qalmış Andorra üzərində 2:0 hesablı səfər qələbə sayəsində final mərhələsinə yüksəlib. Bu, Türkiyə ilə eyni qrupda yer alan “narıncılar”ın 7-ci qələbəsi olub. Rumıniyanın Hollandiyanı keçmək üçün nəzəri şansları olsa da, Türkiyəyə 0:2 hesablı məğlubiyyət buna imkan verməyib. Əvəzində Estoniyanı 5:1 hesabı ilə darmadağın edən Macarıstan 2-ci pilləyə qalxıb.

 

İtaliya isə B qrupunda Çexiya üzərində əzmkar qələbədən sonra Braziliyaya vəsiqəyə nail olub. 1:2 hesablı məğlubiyyətdən sonra Çexiya yığmasının baş məşqçisi Mixal Bilek istefaya göndərilib.

 

Avropa zonasından daha 7 birbaşa vəsiqənin taleyinə gələn ay aydınlıq gələcək. İkinci yeri tutan və öz qruplarında 1, 3, 4 və 5-ci olanlarla görüşlərində ən yaxşı göstəricilərə malik 8 komanda isə “pley-off”da üz-üzə gələrək, daha 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.  

 

Argentina yığması isə Paraqvay üzərində 5:2 hesablı qələbə sayəsində öz zonasında 1-ci yeri tutaraq, 5-ci pillədəki Uruqvayı 7 xal geridə qoyub. Lionel Messi 1-i penaltidən olmaqla, 2 qol vurub. Bu zonadan dünya çempionatına 4 birbaşa vəsiqə verilir. 5-ci yeri tutan isə Asiya zonasında ilkin “pley-off” mərhələsinin qalibi İordaniya ilə üz-üzə gələcək. Ərəblər Özbəkistanla hər iki qarşılaşmada 1:1 hesablı heç-heçə etsələr də, penaltilər seriyasında qələbə qazanıblar – 9:8. Ötən gün keçirilmiş cavab görüşündə “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimov 62 dəqiqə meydanda olub. Qarşılaşmadan sonra bu komandanın baş məşqçisi Mircəlal Qasımov istefa verib.

 

ABŞ Meksika üzərində 2:0 hesablı qələbə sayəsində 16 xalla 1-ci pillədə qalıb. Kosta-Rika isə Yamayka ilə heç-heçəyə nail olub – 1:1. Hesabı “Xəzər Lənkəran”ın sabiq futbolçusu Rendall Brenes açıb. 2012-ci ilin fevralından iyulunadək “ağ-yaşıl” formanı geyinmiş 30 yaşlı hücumçu kosta-rikalıları irəli çıxarıb. Sona 2 tur qalmış ABŞ və Kosta-Rika “pley-off” zonasında olan və 8 xala malik Meksika üçün əlçatmaz olub.

 

Qeyd edək ki, 2014-cü il iyunun 12-də start götürəcək dünya çempionatına təşkilatçı Braziliyadan əlavə, 31 ölkəyə vəsiqə veriləcək. Hollandiya, İtaliya, ABŞ, Kosta-Rika və Argentinadan öncə Yaponiya, Avstraliya, İran və Cənubi Koreya da bu hüquqa yiyələnib. Qalan 22 vəsiqənin taleyinə ilin sonunadək aydınlıq gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar