“Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında avqustun 25-də keçirilmiş futbol üzrə Topaz Premyer Liqasının IV tur matçından sonra saxlanılan 7 azarkeşdən 2-si azadlığa buraxılıb. Bu haqda Lent.az-a Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov açıqlama verib.
O bildirib ki, Lənkəran şəhər polis şöbəsində saxlanılan qalan 5 azarkeş barədə qərar isə bu gün yerli məhkəmə tərəfindən veriləcək. Nadirovun sözlərinə görə, tutulanlardan 4-ü “Xəzər Lənkəran”, 1-i isə “Neftçi” tərəfdarıdır. Onların arasında əslən qusarlı olan və Eliko Ləzginçik” ləqəbli Elman Tağıyev də var. “Futbolpress.az” saytının yazdığına görə, onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Nadirov isə bildirib ki, Tağıyev ilk gündən “Xəzər Lənkəran”a azarkeşlik edib və heç kim onun iğtişaş törətməklə məşğul olduğunu deyə bilməz: “Komandamızın Azərbaycanın bütün bölgələrində azarkeşləri var. Elə yerli futbolçularımız da müxtəlif regionlarımızdandır. Tağıyev şimal bölgəsindən olan kapitan Rahid Əmirquliyevə görə bütün oyunlarımızı izləyir. Onun iğtişaş törətməsi mümkün deyil”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçının fasiləsində və oyundan sonra Lənkəran şəhər mərkəzi stadionunda insident baş verib. Nəticədə stadiona ziyan dəyib. AFFA İntizam Komitəsi isə yerli klubu üst-üstə 19 min manat cərimələyib.