“Xəzər Lənkəran” futbol klubu Topaz Premyer Liqasının son turunda baş verənlərlə əlaqədar bəyanat yayıb. Lent.az-ın məlumatına görə, klubun saytında yerləşdirilən bəyanatda müxtəlif mətbu orqanlarda “Neftçi” ilə oyundan sonra baş verənlərin şişirdilməsindən narahatlıq ifadə olunub.
Rəsmi açıqlamada bildirilir: “Azərbaycan futbolunun son illər ərzində getdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər ölkəmizdə bu idman növünə ayrılan böyük diqqətin nümunəsidir. Artıq ölkəmiz beynəlxalq futbol qurumlarının sadəcə sıravi üzvü deyil, bu təşkilatların fəal iştirakçısı kimi tanınmışdır. Azərbaycanda keçən il keçirilmiş FİFA U-17 Qadınlararası Dünya Çempionatı, 2016-cı ildə baş tutacaq U-17 Avropa Çempionatı kimi mötəbər yarışlar artıq ölkəyə FİFA və UEFA kimi ali futbol qurumlarının rəhbərlərinin bilavasitə diqqətini cəlb edir. Bu səbəbdən, dünya futbolunun aparıcı simalarını stadionlarımıza gəlməsi tez-tez rast gəlinən hala çevrilib. Bütün bunlar AFFA-nın gördüyü məqsədyönlü və təşkilatlanmış işin nəticəsidir. AFFA prezidenti hörmətli Rövnəq Abdullayev bu posta seçildiyi ilk gündən görülən işlərin keyfiyyəti və kəmiyyəti ölkə futbolunun uğurlu yolda olduğundan xəbər verir. Ölkənin aparıcı futbol klubu olan və futbolumuza bir çox sahələrdə yeniliklər gətirən “Xəzər Lənkəran” da AFFA bayrağı altında çıxış edərək bu qurumun strategiyasını və gördüyü işləri birmənalı olaraq dəstəkləyir. Ən böyük azarkeş kütləsinə malik klubumuz ölkədə futbolun populyarlaşması istiqamətində üzərinə düşən böyük məsuliyyətdən qürur hissi duyur. Biz hər bir zaman istər meydanda, istərsə də meydandan kənarda futbol adına bütün işlərin düzgün təşkil olunmasının tərəfdarı olmuşuq və bu istiqamətdə çoxlu sayda əməli tədbirlər görmüşük. Ölkə Premyer Liqasının son turunda “Xəzər Lənkəran” Mərkəzi Stadionunda baş verənlərə bağlı tərəfimiz adekvat reaksiya bildirilib. Lakin buna baxmayaraq, müxtəlif mətbuat vasitələrində hadisələrin şişirdilməsi, düzgün şəkildə təqdim olunmaması, baş verənlərə müxtəlif don geyindirmək cəhdləri bizi narahat etməyə bilməz. Hələ çempionatın ötən turunda “Qarabağ” və “Xəzər Lənkəran” oyunu zamanı azarkeşlərin münaqişəsi və bunun nəticəsində xəsarət alması barədə mətbuatda dezinformasiya xarakterli yazılar yer almışdı. Sonradan məlumatın həqiqətə uyğun olmadığı üzə çıxdı. Təəssüf ki, növbəti turdan sonra bu tipli səhv məlumatlar üzə çıxdı ki, bütün bunlar ümumilikdə vəziyyət barədə yanlış təsəvvür yaradır”.
“Xəzər Lənkəran” hesab edir ki, belə məlumatlar digər klublarla münasibətlərdə gərginlik yaradılmasına zəmin yaradır. Bu isə cənub klubunun mövqeyinə tam ziddir: “Bütün futbol klubları ilə yüksək səviyyəli münasibətlərə malikik və bu münasibətlərim qorunması klubumuz üçün böyük əhəmiyyət daşıyır. Ölkədə ən böyük azarkeş kütləsi olan klub kimi “Xəzər Lənkəran” azarkeşlərlə iş üzrə də böyük təcrübəyə malikdir. Futbol azarkeşlər üçün oynanılır, və azarkeşlər komandaya dəstək verən, onu ruhlandıran, ona arxa və dayaq olan ən böyük qüvvədir. Biz meydanda və tribunalarda sağlam rəqabətin tərəfdarıyıq və heç bir zaman futbolda baş verənlərə qeyri-idman donu geyindirilməsi ilə barışa bilmərik. "Xəzər Lənkəran" azarkeşlərini nəzərə alan AFFA rəhbərliyinin son tur baş verənlərin nəticəsi olaraq stadionumuzu diskvalifikasiya etməməsini klubumuz çox müsbət addım kimi dəyərləndirir və qurumun rəhbərliyinə təşəkkürünü bildirir”.
“Xəzər Lənkəran” Futbol Klubu bəyan edir ki, komandanın azarkeşləri heç bir zaman heç bir iğtişaş xarakterli əməllərə yol verməyib və yol verməyəcək: “Eyni zamanda onu da qeyd etmək vacibdir ki, hər bir kəs Azərbaycan Respublikasının Qanunvericiliyi qarşısında eyni həcmdə məsuliyyət daşıyır və bu məsuliyyətdən heç bir şəxs heç bir halda boyun qaçıra bilməz. Hər birimizin bir məqsədi olmalıdır - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək”.