Futbol üzrə Topaz Premyer Liqasında II turun “Xəzər Lənkəran” – “Simurq” matçına azarkeşlərin girişi pulsuz olacaq. Lent. az-ın məlumatına görə, bu barədə Lənkəran klubunun prezidenti Mais Mənsimov qərar qəbul edib.
Klubun rəsmi saytında yerləşdirilmiş açıqlamada bildirilir: “Qarşıdan müsəlman dünyasının ən gözəl bayramlarından biri və birincisi sayılan Ramazan bayramı gəlir. Vəhdət və bərabərlik bayramı sayılan Ramazanda “Xəzər Lənkəran” klubu tərəfindən azarkeşlərimizə kiçik də olsa bayram hədiyyəsi ayrılıb. Belə ki, 2013-2014 mövsümünün II turu çərçivəsində avqustun 11-də keçiriləcək “Xəzər Lənkəran”-“Simurq” oyununa giriş pulsuz olacaq. Klub prezidentimiz Mais Mənsimov cənabları tərəfindən edilən təşəbbüs inanırıq ki, camiəmizə də birlik və vəhdət gətirəcək, komandamızın düşdüyü uğursuz zolaqdan çıxmasında əl-ələ vermək üçün hamımıza əlavə stimul olacaq”.
Qeyd edək ki, avqustun 11-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.