“Xəzər Lənkəran” klubu oktyabrın 23-də “Neftçi” ilə keçirəcəyi futbol üzrə Azərbaycan Superkuboku uğrunda matç öncəsi cəzalanıb. Lent.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi cənub təmsilçisini 3000 manat cərimə edib.
Topaz Premyer Liqasının X turunda “Simurq”la oyunun 73-cü dəqiqəsində Lənkəran komandasının azarkeşləri meydana kənar əşya atıblar. Bu səbəbdən, “Xəzər Lənkəran” 2000 manat ziyana düşüb. Bu klub 4 futbolçusunun sarı vərəqə alması səbəbindən daha 1000 manat cərimə ödəməli olacaq. Əvəzində “Simurq” 200 manat cərimələnib. Oyunun 79-cu dəqiqəsində Zaqatala klubunun futbolçusu İdan Vietzman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən klubunu ziyana salan futbolçuya 1 oyunluq cəza kəsilib.
Digər cəzalara gəldikdə, “İnter”lə matçda 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” və “Neftçi” ilə qarşılaşmada 6 futbolçusu xəbərdarlıqla üzləşən “Rəvan” hərəyə 1000 manat ödəməli olacaq.