Kokain alverində günahlandırılan Estoniya milli komandasının və “Nomme Kalyu” klubunun futbolçusu Oliver Konsa günahını boynuna alıb. Lent.az-ın “ERR Uudised”ə istinadən verdiyi məlumata görə, bu barədə Konsa məhkəmədə etiraf edib.
İttiham aktına əsasən, o, qrup tərkibində 2012-ci ilin noyabrında Tallin və Xaryuma şəhərlərində böyük həcmli narkotik maddələrin qanunsuz dövriyyəsində - alınması, saxlanılması, daşınması və satışında dəfələrlə iştirak edib. Futbolçu 12 noyabr 2012-ci ildə həbs olunub.
Qeyd edək ki, Oliver Konsa 2012-2013-cü il mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “Nomme Kalyu”nun heyətində “Xəzər Lənkəran”a qarşı hər iki oyunda iştirak edib. 28 yaşlı hücumçu ötən il iyulun 5-də Lənkərandakı ilk matçda 85 dəqiqə, iyulun 10-da isə Tallindəki cavab görüşündə 90 dəqiqə meydanda olub. “Xəzər Lənkəran” evdə 2:2 hesablı heç-heçəyə rəğmən, səfərdə 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.