“Valyadolid”in 7 futbolçusu oyun satmaqda şübhəli bilinir
İspaniya polisi La Liqanın son turunun “Valyadolid” – “Valensiya” matçı ilə bağlı araşdırmaları davam etdirir.
APA-nın məlumatına görə, bu, qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə meydan sahiblərinin öz məğlubiyyətlərinə pul qoyuluşları etdiyi iddiaları ilə bağlıdır.
Bu matçadək “Valyadolid” yüksək dəstədə yerini təmin etmişdisə, valensiyalılar qələbə sayəsində Çempionlar Liqasına vəsiqə qazanıb. Bu qarşılaşma ilə bağlı məsələdə şübhəli bilinən “Sevilya”nın sabiq futbolçusu Karlos Arandanı həbs edən polis onun telefon danışıqlarını dinləyib. “Real”ın yetirməsinin danışıqlarından məlum olub ki, “Valyadolid”in yeddi futbolçusu oyunu satıb. Onların hər iki hissədə “Valensiya”nın qələbə qazanacağına 10 min avro pul qoyuluşu etməsi iddia olunur. Futbolçuların təxminən ikiqat qazanc əldə etdiyi bildirilir. Lakin şübhə altına yalnız futbolçular düşüb. Klub rəhbərliyinin isə məsələdə rolu olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl İspaniya polisi danışılmış oyunlarda şübhəli bilinən mütəşəkkil qrupun üzvlərini həbs etmişdi.
646