Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Bakının “Rəvan” klubuna təyinatından danışıb. 47 yaşlı mütəxəssis Lent.az-a açıqlamasında komandada müəyyən dəyişikliklərə ehtiyac duyulduğunu bildirib.
Onun sözlərinə görə, “Rəvan”ın məşq prosesi, oyun fəlsəfəsi, oyuna yanaşmasında dəyişikliklər edilməlidir. Hər mövsüm bir neçə dəfə baş məşqçi dəyişikliyinə əl atan klub bu il Topaz Premyer Liqasının ilk 8 turu ərzində əvvəlcə Ramil Əliyevi, sonra isə Vladislav Qədirovu istefaya göndərib. Gənc mütəxəssislərimizdən sayılan Elxan Abdullayev “apasport.az” saytına müsahibəsində “Rəvan” rəhbərliyini qeyri-peşəkarlıqda suçlayaraq, “Bu kluba işləməyə gedən məşqçi ağılsızdır” deyib.
Millimizin sabiq baş məşqçisi isə Abdullayevin fikirlərinə belə münasibət bildirib: “Elxan müəllim bu sözləri deyəndə mən “Rəvan”a baş məşqçi təyin olunmamışdım, Qədirov isə yenicə istefaya göndərilmişdi. Görünür, emosiyalara qapılaraq, belə danışıb. Hərənin öz fikri var. “Rəvan” rəhbərliyi qeyri-peşəkar olsaydı, o kluba getməzdim. Üstəlik, mənimlə 2,5 illik müqavilə bağlamazdılar”.
Diniyev onu da deyib ki, “Rəvan” rəhbərliyindən komandadakı baş məşqçi dəyişikliklərinin səbəbini soruşub. Rəhbərliyin cavabı isə belə olub: “Klubdan mənə dedilər ki, baş məşqçilərimizi uğursuz nəticələrə görə çıxarmamışıq. Bu sözlərə əlavə şərh vermək istəməzdim. Sadəcə, mənə deyilən səbəb bu olub”.