“Rauf Həbibov məni qəbul etmədi”
19 sentyabr 2013 15:36 (UTC +04:00)

“Rauf Həbibov məni qəbul etmədi”

Quba Şəhər Stadionunun sahibi danışdı

 

“Quba Şəhər Stadionu bizim balansımızdadır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bizə texniki pasport da verilib. Soyqırım izləri aşkarlananadək prezidenti olduğum “Spartak” klubu ev oyunlarını bu stadionda keçirirdi”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) sədri Nadir Əliyev deyib.

 

O bildirib ki, “Spartak” 2006–2009-cu illərdə Azərbaycanın I divizionunda oynadığı vaxt Qubadakı stadionu yenidən qurmaq istəyib. Lakin işlərə başlanıldığı vaxt meydanın bir hissəsindən insan sümükləri aşkarlanıb: “Bu zaman Quba rayon İcra Hakimiyyətindən bizə müraciət edərək, həmin ərazidə Memorial Kompleksi tikmək istədiklərini bildirdilər. Biz də etiraz etmədik. Amma sonradan həmin ərazi 1 hektara çatdı. Mən stadionun gələcək taleyi ilə bağlı rayonun o vaxtkı icra başçısı Rauf Həbibovla görüşmək istədim. Lakin R. Həbibov məni qəbul etmədi”.

 

N. Əliyevin sözlərinə görə, Quba Şəhər Stadionunun ümumilikdə 7 hektar ərazisi olub. Bunun 1 hektarı kompleksin tikintisinə ayrılıb. AHİİTA sədri qalan hissədə stadionun bərpası üçün imkanlarının olmadığını söyləyib. Onun fikrincə, əlaqədar təşkilatlar dəstək versələr, arenanı hazır vəziyyətə gətirmək olar: “O stadion çox gözəl ot örtüyünə malik idi. Meydan elə vəziyyətdə idi ki, hətta drenaj sisteminə ehtiyac duyulmurdu. Stadionu düzəltdik, müəyyən işlər gördük. Amma vəsaitimiz puça çıxdı”.

 

Qeyd edək ki, stadionun bir hissəsində Quba Soyqırımı Memorial Kompleksi inşa olunub. Qalan bölüm isə tanınmaz hala düşüb. İdman Araşdırmalar Mərkəzi Quba Şəhər Stadionunun yenidən qurularaq, 31 Mart Stadionu adlandırılmasını təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1335
avatar

Oxşar yazılar