“Qurban Qurbanov millimizə ən layiqli namizədlərdəndir” – MÜSAHİBƏ
24 avqust 2013 13:26 (UTC +04:00)

“Qurban Qurbanov millimizə ən layiqli namizədlərdəndir” – MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Lent.az-a müsahibəsi

 

- Berti Foqtsun millimizin baş məşqçisi kimi müqaviləsi başa çatır. Sizcə, onu kim əvəzləyə bilər?

 

- Məncə, bu gün yerli mütəxəssislərimizə daha çox yer verməli, şərait yaratmalıyıq ki, onlar futbolumuzu daha irəli apara bilsinlər. Söhbət milli komandalarımızdan gedir. Klubların işinə qarışa bilmərik. Onlar hansı sistemin özlərinə yaxın olduqlarını görürlər.

 

- AFFA İcraiyyə Komitəsində mövqeyinizi dəstəkləyənlər var?

 

- Belə bir müzakirə olmayıb. Olarsa, yəqin ki, dəstəkləyən olar. Mən onlardan soruşmamışam və müzakirə də etməmişik.

 

- Sizin mövqeyinizi həm də Gənclər və İdman Nazirliyinin rəsmisi kimi hökumətin də mövqeyi hesab etmək olar?

 

- Bu, mənim şəxsi mövqeyimdir. Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti olmağımla yanaşı, adi bir insan, azarkeş. Futbolumuzun inkişafını istəyən biri kimi belə düşünürəm.

 

- Bəs Sizcə, AFFA rəhbərliyi təklifinizə dəstək verə bilər?

 

- Hərənin öz fikri var. Amma məncə, məsələ qalxsa, əlbəttə, AFFA rəhbərliyi də dəstək verə bilər. Burada qeyri-adi bir şey yoxdur. Yenilik də təklif etmirəm. Bu, daim insanların ürəyindən gələn arzu, istəkdir. Ona görə də bu, qəbul olunandır. Söhbət milliyə yerli məşqçilərin gətirilməsindən gedir. Artıq aşağı yaş qruplarından ibarət yığmalarımızda gənc mütəxəssislərimiz çalışırlar. Bunlar yetişmiş, formalaşmış məşqçilərdir. Bu gün onları öz yığmalarımızın rəhbərliyində görürəm. 

 

- Bəs Qurban Qurbanovu nə dərəcədə layiqli sayırsınız?

 

- Onun işi göz qabağındadır. Gördüyü işi insanlar bəyənirlər. 2 gün öncə “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə keçirdiyi Avropa Liqasının ilk “pley-off” matçında  Tofiq Bəhramov adına Respublika stadionunda boş yer yox idi. Hamı stadiona qələbə əzmi ilə gəlmişdi. Aydındır ki, rəqib çox güclü idi. Dünənin, bu günün komandası yox, dünyada şöhrət qazanmış klub idi. “Qarabağ” uduzsa da, tamaşaçılar razılıqla getdilər. Komandamız müqavimət göstərdi, oyun sərgilədi. Bunların hamısı Qurbanovun əməyi nəticəsində ərsəyə gəlmişdi. Bu səbəbdən, hesab edirəm ki, onun millimizə baş məşqçi təyin olunması daha məqsədəuyğundur. Elə mütəxəssislər də Qurban müəllimi daha yüksək qiymətləndirirlər. Fikrimcə, o, əsas namizədlərdən biridir. Amma başqa namizədlər də ola bilər.

 

- Yığmaya baş məşqçi təyin olunsa, Qurbanovun klubdakı işi necə olacaq?

 

- Bunu mən deyə bilmərəm. Ola bilər ki, klubda da qalsın. Belə təcrübə dünya futbolunda da var. Bizdə də ola bilər. Məncə, “Qarabağ”da işləyə-işləyə millinin də baş məşqçisi olması daha yaxşıdır.

 

- Fatih Terim kimi?

 

- Bəli. Çox düzgün müqayisədir.

 

- Danışıqlar nə zaman başlana bilər?

 

- Yalnız Foqstun AFFA ilə müqaviləsi bitdiyi ərəfədə və ya bitdikdən sonra.

 

- Yerli məşqçilərin daha münasib olduğunu dediniz. Elə isə 5 ildir niyə əcnəbi mütəxəssisə üstünlük verilir?

 

- O da bir təcrübə idi. Bizim ehtiyacımız var idi ki, xarici mütəxəssis dəvət edək, onun da təcrübəsindən yararlanaq. Bu gün futbolda böyük sistem yaradılıb və nəticəsini yaxınlarda görəcəyik. Bəziləri qısa müddətdə yüksək səviyyəli futbolçuların yetişməsini istəyir. Elə deyil. Bu gün uşaq futbol liqaları yaradılıb, müəyyən qədər formalaşıb, komandalara cəlb edilməkdədirlər. Bu yaxınlarda Premyer Liqa və I divizionda legioner sayını azaltmağa qərar vermişik. Bu isə yerli oyunçuların yetişməsindən və onların peşəkar komandalara cəlbinə hazır olmağımızdan xəbər verir. Artıq 21 yaşadək 2 futbolçunun 2014-2015-ci il mövsümündən Premyer Liqa klublarının əsas heyətində oynamalarına dair qərar qəbul etmişik. 5 il öncə bunları etsəydik, bütün klublar “Belə futbolçular yoxdur” deyə bizim üzümüzə qayıdardılar. Lakin bu gün belə futbolçular və onların arasından seçim aparmaq imkanı var.

 

- Digər yerli, amma təcrübəli mütəxəssislər vaxtilə millimizin baş məşqçisi olublar. Onların işi elə də yüksək səviyyədə alınmayıb. Bu baxımdan, yeni mütəxəssisin təyinatı realdır?

 

- Qurban Qurbanov indiyədək millimizin baş məşqçisi olmasa da, oynayıb. Bu səbəbdən, Qurbanovun nəfəsi yığmaya xaricdən gətirilən, amma futbolumuza bələd olmayandan daha çox xeyir verə bilər. Bir daha deyirəm: Qurbanov milliyə əsas namizədlərdən biridir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar