“Qarabağ”dan tarixinin rekordu
Ağdamın “Qarabağ” klubu iki rekorda imza atıb.
APA-nın məlumatına görə, son Azərbaycan çempionu Premyer Liqanın IV turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edərək ardıcıl 12-ci qələbəsini qazanıb.
Ötən mövsümün son 8 matçında xal itirməyən ağdamlılar cari mövsümdə daha 4 görüşdə qalib gəliblər. Sonuncu dəfə martın 9-da “Zirə” ilə oyunda xal itkisi ilə (0:0) üzləşən Qurban Qurbanovun yetirmələri bununla da klub tarixinin rekorduna imza atıb. Bunadək “Qarabağ”ın Azərbaycan çempionatlarındakı ən uzun qələbə seriyası 11-ə bərabər idi. Bu, 2016-cı ilin mart-may aylarında qeydə alınmışdı.
Ağdam klubu startda ardıcıl 4-cü quruhesablı qələbəsini qazanıb. Əyalət təmsilçisi tarixində ilk dəfə mövsümün əvvəlində qol buraxmadan dörd oyunu itkisiz başa vurub. “Qarabağ” bunadək üç dəfə çempionatın ilk dörd turunda qələbə seriyasına imza atsa da, hər dəfə ən azı 1 qol buraxıb. İki mövsümdə startda üç quru hesablı qələbəsi olan komandanın seriyası IV turda qırılıb.
Qeyd edək ki, məğlubiyyətsiz oyunlarının sayını 24-ə çatdıran “Qarabağ” klub tarixinin rekord seriyasını davam etdirib.
688