Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, gün ərzində mərhələnin ilk qarşılaşmaları oynanılıb.
Baş tutan dörd matçdan üçü paytaxtda, biri isə əyalətdə keçirilib.
Günə Lənkəranda start verilib. Əzəli rəqiblər “Xəzər Lənkəran” və “Neftçi”nin oyunu gözlənildiyi kimi gərginliyi ilə yadda qalıb. 5 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların təsəllisi isə səfər oyununda 2 qol vuraraq, növbəti mərhələ şanslarını cavab matçına saxlamaq olub.
1/4 finalın növbəti matçında “Qarabağ” “Sumqayıt”la oynayıb. Ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq istəyən ağdamlılar “kimyaçılar”la ilk görüşdən "quru" qələbə ilə ayrılıblar. Qurban Qurbanovun yetirmələri rəqibi iki cavabsız qolla yola salıb.
Mərhələnin mərkəzi qarşılaşması isə “Zirə”də baş tutub. Çempionatda mükafatlar uğrunda mübarizə aparan iki komandanın kubokda da rəqib olması matçın gərginliyini artıran əsas amil idi. “Qəbələ” bu mövsümü doğma meydanda məğlubiyyət acısı dadmamış Premyer Liqanın debütantının bu seriyasını qıra bilib. Roman Qriqorçukun yetirmələri son 20 dəqiqəsi daha hərəkətli keçən oyunda 2:1 hesablı qalibiyyətə seviniblər. Əldə olunan səfər qələbəsi ilə tur şanslarını öz əlində saxlayan əyalət təmsilçisi növbəti matça daha rahat çıxacaq.
Mərhələnin yeganə paytaxt derbisində isə sürpriz nəticə qeydə alınıb. “Rəvan” “İnter”i məğlub edib. Matçda hesabı "bankirlər" açsalar da, sonradan özündə güc tapan Bəhmən Həsənovun yetirmələri iki dəfə fərqlənərək əzmkar qələbə qazanmağı bacarıblar.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
2 mart (çərşənbə)
“Rəvan” – “İnter” - 2:1
Qollar: Nuran Qurbanov, 61, Ramazan Abbasov, 81 - Meza Kolli, 56
“Zirə” – “Qəbələ” - 1:2
Qollar: Bonilla, 77 - Qay, 75, Dodo, 84
“Xəzər Lənkəran” – “Neftçi” - 3:2
Qollar: Vaquf Güləliyev, 17; Tural Qürbətov, 19; İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22; Fəhmin Muradbəyli, 39
“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar: Riçard Almeyda, 52 (p); Mahir Mədətov, 86