Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn Ağdamın “Qarabağ” futbol komandası vətənə qayıdıb. APA-nın xəbərinə görə, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında çoxsaylı azarkeşlər, KİV nümayəndələri və yaxınları qarşılayıblar. Futbolçular jurnalistlərlə təəssüratları, qələbə sevinclərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovada bu ölkənin ən titullu klubu “Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə 2:1 hesablı qələbəyə sevinib.
Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti raundda məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.
Qeyd edək ki, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində “play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86