İstanbulun “Qalatasaray” klubu Braziliyanın “Sao Paulo” klubunun yarımmüdafiəçisi Vellinqtonu icarəyə götürəcək.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, klublar arasında əldə edilən razılaşmaya əsasən, “Qalatasaray” 1 illik icarə haqqı olaraq “Sao Paulo” klubuna 2 milyon avro ödəyəcək.
Bununla bərabər, “Qalatasaray” 22 yaşlı Vellinqtonu satın almaq haqqına da sahib olacaq. Başqa sözlə, gələn mövsüm “Qalatasaray” Vellinqtonu almaq istəsə, 7,5 milyon avro ödəyərək bu məsələyə nöqtə qoyacaq. Ancaq futbolçu ilə bağlı bütün məsələlərdə razılaşma əldə olunsa da, hələ rəsmi imzalar atılmayıb. Buna səbəb isə Türkiyə Futbol Federasiyasının hər klubun 10-dan çox xarici futbolçu almasına qoyduğu qadağadır. “Qalatasaray” Cluionu qısa zamanda sataraq Vellinqtonu heyətinə qatmağı planlaşdırır.
“Sao Paulo” klubu isə Vellinqtonun əvəzində “Qalatasaray”da icarə əsasında oynayan Filipe Melonu heyətinə qatır və bununla bağlı futbolçunun məxsus olduğu İtaliyanın “Yuventus” klubu ilə ilkin razılaşma əldə olunub.