Maliyyə feyr-pley qaydalarını pozduğu üçün qarşıdakı 2 mövsümdə avrokuboklarda iştirakdan məhrum qalma riski ilə üzləşən “Qalatasaray” son illər transferlərə xərclədiyi pullarla diqqət çəkir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” son 6 ildə həyata keçirdiyi 67 transferə ümumilikdə 150 milyon avro xərc çəkib.
“Sarı-qırmızılılar”da 2010/11 mövsümündən bəri bütün oyunçulara verilən illik nağd pulun miqdarı isə 380 milyon avrodu. Klub rəhbərliyi daha sonra ümidləri doğrultmayanların müqaviləsinə xitam vermək, başqa kluba göndərmək və icarəyə vermək yolu ilə bu rəqəmi bir qədər azaldıb.
“Qalatasaray” bu 6 ildə transferlərə ən çox Ünal Aysalın rəhbərliyi altında pul xərcləyib. Aysalın rəhbər postunda oturduğu 3 il yarım ərzində 42 oyunçu bu kluba keçib. Onlara görə ümumilikdə 110 milyon avro xərc çəkilib.
2010-2011-ci illərdə prezident olmuş Adnan Polat 15 transfer üçün büdcədən 27 milyon 750 min avro çıxarıb. Hazırkı rəhbər Dursun Özbək ötən ildən bəri 10 keçidə 9,5 milyon avro ödəyibsə, 2014/15 mövsümündə 9 ay “Qalatasaray”a başçılıq etmiş Duyqun Yarsuvat heç kimi transfer etməyib.
Son üç çempionluğun ikisinin memarı olan Fatih Terim baş məşqçiliyi dönəmində 25 oyunçu aldırıb. 2011/12 və 2012/13 mövsümündə İstanbul nəhəngini çempionluğa daşıyan, 2013/14 mövsümünün ilk dövrəsində isə gözlənilmədən istefaya göndərilən Terimin 2,5 illik fəaliyyəti dönəmində transferlərə 78 milyon avro xərc çəkilib.
“Qalatasaray” bütün bunların fonunda son 4 mövsümdə 572 milyon 100 min avro gəlir əldə edib. Son üç ildəki qazancı və xərcini nəzərə alsaq, klubun 164,2 milyon avro ziyana getdiyini söyləmək olar. “Cim-bom” son 6 mövsümdə oyunçu satışından cəmi 40 milyon avro büdcəsinə qata bilib.