“Neftçi”nin 2 futbolçusu cəzalı durumda
18 sentyabr 2013 15:54 (UTC +04:00)

“Neftçi”nin 2 futbolçusu cəzalı durumda

“Neftçi” komandasının futbolçuları Bruno Bertuççi və Erik Ramos Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”la matçı buraxmalı olacaqlar. Lent.az-ın məlumatına görə, Bertuççi ötən tur Bakı “İnter”i ilə oyun zamanı qırmızı vərəqə alıb.  

 

Braziliyalı müdafiəçi 83-cü dəqiqədə rəqib futbolçu Abdulla Abatsiyevlə mübahisə edib. Baş hakim Vüsal Əliyev hər iki oyunçunu meydandan qovub. İntizam Komitəsi Abatsiyevlə Bertuççini hərəyə 1 oyunluq cəzaya, klublarını 200 manat cəriməyə məruz qoyub.

 

“Neftçi”nin müdafiəçisi klubun saytı vasitəsilə qərara münasibət bildirib: “Oyunun gərginliyi futbolçulara da siraət etdiyindən, həmin epizodda hakim haqlı olaraq həm məni, həm də rəqib futbolçunu meydandan kənarlaşdırdı. Bu səbəbdən, “Sumqayıt”la oyunda komandama kömək edə bilməyəcəyəm”.

 

Bertuççinin sözlərinə görə, çempionat uzun marafon olsa da, hər xal üçün mübarizə aparmaq lazımdır. Bu səbəbdən, heç bir matça arxayın çıxmaq olmaz: “Azarkeşlərimiz də bilsinlər ki, səfər oyunlarında onların dəstəyinə daha çox ehtiyacımız var. İnanmıram ki, mənim oynamamağım nəticəyə təsir etsin. “Neftçi”də hər mövqe üçün bir neçə futbolçu rəqabət aparır. Meydana hansı futbolçu çıxsa, qələbə üçün əlindən gələni edəcək”.

 

Ramos isə sarı vərəqə limitini doldurduğu üçün növbəti turda çıxış etməyəcək. O, komanda yoldaşlarını ötən mövsüm “Sumqayıt”a məhz səfər matçında 2:3 hesabı ilə uduzduqlarına dair xəbərdar edib: “Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz. “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadır. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəyəm. Bununla belə, “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdır. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.

 

Klubun yeni transferi Karlos Kardoso da klubun rəsmi saytına açıqlama verib. Braziliyalı müdafiəçi “Neftçi”nin ardıcıl 4-cü dəfə çempionluğu hədəflədiyini deyib. O, yeni çempionluqda pay sahibi olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Düzdür, “Sumqayıt” “Neftçi” ilə müqayisədə zəif hesab oluna bilər, amma bu bizim arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq . Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Oxşar yazılar