Almaniyada təlim-məşq toplantısında olan “Neftçi” 3-cü yoldaşlıq görüşünü keçirib. Lent.az-ın məlumatına görə, flaqman Almaniyanın II Bundesliqasında ötən mövsümü 8-ci pillədə başa vurmuş “Energi” komandası ilə üz-üzə gəlib.
Oyun “ağ-qaralar”ın məğlubiyyəti ilə yekunlaşıb – 0:2. Bu matçda makedoniyalı müdafiəçi İqor Mitreski keçmiş klubu “Energi”yə qarşı çıxış edib. Yeni transfer Melvin Platye isə “Neftçi”nin heyətində ikinci hissədə debüt edib. Baş məşqçi Böyükağa Hacıyev “Neftçi”nin rəsmi saytına açıqlamasında oyunun maraqlı alındığını deyib: “Fiziki yükləmələrin fonunda futbolçuların davamlılıq göstəricilərini yoxladıq. Adətən belə məşqlərdən sonra futbolçularda müəyyən yorğunluq nəzərə çarpır ki, bu da normal haldır. Fasilədən sonra isə heyətin böyük əksəriyyətini dəyişdik. Təcrübəli rəqiblə qarşılaşmada Elşən Abdullayev, Nicat Qurbanov, Slavik Alxasov, Məqsəd İsayev kimi gənclərə şans verdik. Düşünürəm ki, onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı”.
Hacıyev Platyenin durumuna da toxunub. O bildirib ki, hollandiyalı hücumçuda komandaya uyğunlaşma prosesinin getdiyi hiss olunur: “İnanıram ki, “Skenderbeu” ilə keçirəcəyimiz matça kimi komanda tam hazır olacaq”.
Qeyd edək ki, “Neftçi” əvvəlki yoxlama matçlarında Rusiyanın “Volqa” klubuna 0:1 hesabı ilə uduzub, Almaniya “Vakker”inə isə qalib gəlib – 3:0.