“Neftçi” də avrokuboklara vəsiqəni rəsmiləşdirdi
09 aprel 2019 19:37 (UTC +04:00)

“Neftçi” də avrokuboklara vəsiqəni rəsmiləşdirdi

Topaz premyer-liqasının 23-cü turu maraqlı nəticələrlə yadda qaldı. Əvvəla, çempionluq mübarizəsinin yalnız “Neftçi” ilə “Qarabağ” arasında gedəcəyi rəsmiləşdi. Qalan iddialı komandaların çempionluq şansı qalmadı. Belədə təbii ki, “Neftçi” avrokuboklara vəsiqəni rəsmiləşdirmiş oldu.
 
23-cü turda qol vurmayan komanda olmadı. Bundan başqa, “qara zolaq”da olan bəzi komandalar tilsimi qırdı. “Sumqayıt” bu il ilk dəfə, ümumilikdə isə 9 turdan sonra qələbə sevinci yaşadı. Ayxan Abbasovun komandası sonuncu dəfə ötən ilin dekabrında “Səbail”i məğlub edə bilmişdi. Bu qələbə “gənclik şəhəri” təmsilçisinə sonuncu pillədən qurtulmağa imkan verdi. Sumqayıtlılar kubokda da qarşılaşacağı “Zirə” ilə oyunöncəsi prixoloji yüksəliş əldə etdisə, “Keşlə”nin durumu acınacaqlıdı. Daxili ab-hava korlanıb, baş məşqçi Tərlan Əhmədov istefa vermək niyyətini gizlətmir. Hərçənd nəinki 1, hətta 3 xallıq fərqi aradan qaldırıb mövsümü 6-cı yerdə başa vurmaq realdı. Əhmədov istefa versə, münasibdi. Baş məşqçi komandasına inanmırsa, gücsüzlüyünü də etiraf edirsə və bunu mətbuat konfransında açıqlayırsa, bundan sonra uğur qazanmaq çətindi. 
 
“Qara zolaq”dan çıxan komandalardan biri də “Sabah” oldu. Debütant bu mövsüm 3 oyunda bacarmadığı, qapısına qol belə vura bilmədiyi “Səbail”ə şok yaşatdı. Halbuki Elşad Əhmədovun komandası bu il öz meydanında 3 xala həsrət idi. 2019-da cəmi bir qələbə qazanan, qış fasiləsindən dərhal sonra “Zirə”ni yenən “Sabah” 7 turluq intizara son qoydu.
 
Ancaq “qatar çoxdan gedib”. Debütantın çempionatı bürünc mükafatçı kimi bitirmək şansı minimuma bərabərdi. Əvəzində “Səbail”i Avroliqadan məhrum edə bilər. Görünür, Bayıl təmsilçisi ötən turdan sonra “Qəbələ” ilə arada 4 xallıq fərqin yaranmasından rahatlaşıb. Aftandil Hacıyevin komandasının bəxti onda gətirdi ki, “Qəbələ” “Qarabağ”la oyunda xal qazana bilmədi, belədə aradakı fərq azalmadı. Qurban Qurbanovun komandası son dəqiqələrdə də olsa, qələbə topunu vuraraq, səfərdən 3 xalla dönməyi bacardı və beləliklə, bir gün əvvəl “Zirə”ni üstələyən “Neftçi”ni zirvədə tək buraxmadı. Roberto Bordinin komandasının “Zirə”ni premyer-liqa görüşlərində ilk dəfə doğma meydanda məğlub edə bildiyini də vurğulayaq. 
 
Beləliklə, “Neftçi” ilə “Qarabağ”ın şərikli liderliyi davam edir. Növbəti turda bakılıları “Səbail” səfəri gözləyir. Prinsipial rəqibindən bir gün sonra meydana çıxacaq “Qarabağ” isə “Sabah”la qarşılaşacaq. Bir sözlə, hər ikisinin xal itirmək ehtimalı realdı. Hər halda, iddialılar son duellərdə bu rəqibləri ilə görüşlərdə xal itiriblər. 
 
Topaz premyer-liqası
 
4-cü dövrə, 23-cü tur
 
6 aprel
 
Sumqayıt – Keşlə 2:1 
Neftçi – Zirə 4:2
 
7 aprel
 
Qəbələ - Qarabağ 1:2
Sabah – Səbail 3:1
 
1. Neftçi         23 15 6 2 41-17 51
 
2. Qarabağ    23 15 6 2 49-19 51
 
3. Səbail        23 10 4 9 27-25 34
 
4. Qəbələ      23 7 9 7 25-25 30
 
5. Sabah       23 7 5 11 19-31 26
 
6. Zirə           23 5 7 11 21-34 22
 
7. Sumqayıt  23 5 5 13 18-36 20
 
8. Keşlə        23 5 4 14 22-35 19
 
Bombardirlər: Baqali Dabo (Neftçi) – 11, Mahir Mədətov (Qarabağ), Ceyms Adeniyi (Qəbələ) – 8, Marko Deviç (Sabah), Emin Mahmudov (Neftçi), Filip Ozobiç (Qarabağ) – 7.
 
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib. 
Növbəti turun oyunları: 13 aprel - Zirə – Sumqayıt, Qarabağ – Sabah; 14 aprel - Keşlə – Qəbələ, Səbail – Neftçi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar