Belarusda yaşayan K-1 döyüşçüsü Zabit Səmədov boks üzrə Azərbaycan milli komandasını tərk edib. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov məlumat verib.
Onun sözlərinə görə, “Mauqli” ləqəbli Səmədovun boks yarışlarına qatılmasına Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AİBA) razılıq verilməyib. AİBA-dan bildirilib ki, K-1 yarışlarında iştirak edən idmançının eyni vaxtda boksçu kimi də qüvvəsini sınaması yolverilməzdir: “Səmədov yığmamızla birgə Qırğızıstana təlim-məşq toplantısına yollanmışdı. O, gələn ay Qazaxıstanın paytaxtı Almatıda keçiriləcək dünya çempionatına hazırlaşırdı. Lakin AİBA-dan bizə məktub daxil oldu ki, Səmədov boks yarışlarında iştirak edə bilməz”.
Qeyd edək ki, əslən azərbaycanlı olan Zabit Səmədov boks yığmamızda Teymur Məmmədovla eyni çəki dərəcəsində (91 kq) sınanırdı. Hazırda millimiz Qəbələdə təlim-məşq toplantısındadır.