“Kəpəz”in Müşahidə Şurası və klub rəhbərliyi görüşlər keçirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Gəncə klubu bu dəfə yerli azarkeşlərlə görüşüb.
Gəncə şəhər stadionunda reallaşan yığıncaqda çıxış edən icraçı direktor Mehman Allahverdiyev “Kəpəz”in elitaya yüksəlməsi münasibətilə gəncəli fanatları təbrik edib və görüləcək işlərdən danışıb: “İnanırıq ki, komanda Premyer Liqada adına layiq çıxış edəcək və sizləri sevindirəcək”.
Daha sonra söz alan Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu futbolsevərləri klubun ətrafında birləşməyə çağırıb: “Kluba dəstək vermək siz fanatların üzərinə düşür. Əsl azarkeş komandanın pis və yaxşı günündə yanında olmalıdı. Bu gün stadion problemi ilə bağlı “Kəpəz”in çempionatda “ev” oyunlarını Gəncədən kənarda keçirmək ehtimalı var. Amma şəhər rəhbərliyi bu problemi aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbər edib. İlk növbədə çalışıb Nizami yurdunda oynamalıyıq. Çünki futbol siz azarkeşlər üçündü”.
Müşahidə Şurasının üzvü stadionda fanklub üzvləri üçün xüsusi sektorların ayrılacağını və çılğın azarkeşlərin baraban, eyni zamanda klubun atributları ilə təmin olunacağını söyləyib.
Fanklub rəhbərləri və üzvləri isə hər zaman “Kəpəz”ə arxa olacaqlarını, komandanı istər stadionda, istərsə də ondan kənarda dəstəkləyəcəklərini bildiriblər.
Sonda Müşahidə Şurasının üzvləri və klub rəsmiləri azarkeşlərlə birgə stadiona baxış keçirib və birgə şəkil çəkdiriblər.