“Heç kimin ağzını tutası deyiləm”  - MÜSAHİBƏ
16 noyabr 2013 22:51 (UTC +04:00)

“Heç kimin ağzını tutası deyiləm” - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan I divizionunun lideri “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin Lent.az-a müsahibəsi

- Topaz Premyer Liqasına I diviziondan yalnız 1 komanda vəsiqə qazana bilər. Bu baxımdan, hazırkı mövqeyinizi sonadək qoruya bilmək üçün hansı addımlar atmağı düşünürsünüz?

- İlk növbədə, hər bir matça sonuncu oyun kimi yanaşmalıyıq. I divizionda rəqabət böyükdür. Çempionluq uğrunda kifayət qədər komanda mübarizə aparır. 30 turluq marafonun cəmi 9 turunu arxada qoymuşuq. 10-cu turda MOİK-in qonağı olacağıq. Bu məqsədlə artıq Bakıdayıq və hazırlığımızı davam etdiririk. Sevindirici haldır ki, heyətdə itki yoxdur.

- AZAL-ın baş məşqçisi kimi yüksək yerlər uğrunda mübarizə apardığınız vaxt Sizi ultramüdafiə futboluna üstünlük verməkdə ittiham edirdilər. Hətta bir çoxları belə oyuna “antifutbol” adını vermişdilər...

- Bilirsiniz, futbolda 3 cür - tədricən, sürətli, yəni əks-hücum və standart vəziyyətlərdən oyun olur. Baş məşqçi də oyunu rəqibə uyğun qurur. AZAL-da antifutbol oynayırdıqsa, bizi udardılar da... Yəni, bunlar gülünc iddialardır. Kim necə qavrayırsa, ona uyğun danışır. Mən də heç kimin ağzını tutası deyirəm.

- Təbii ki, “Araz Naxçıvan”ın I diviziondakı rəqibləri AZAL-ın Premyer Liqadakı rəqibləri ilə eyni səviyyədə deyil. Bu baxımdan, bölgə komandasında bu oyun sistemlərindən hansına üstünlük verirsiniz?

- Hər üçündən istifadə edirik. Məsələn, qollarımızdan 6-7-ni standart vəziyyətdən vurmuşuq. Yenə deyirəm, oyunumuzu rəqibə baxaraq qururuq.

- 9 turdan 8 qələbə qazanmısınız və cəmi 1 oyunda xal itirmisiniz. Hazırda I divizionda 2 məğlubiyyətsiz komandadan birisiniz. Bunun sirrini nədə görürsünüz?

- Hər bir komandaya rəqib kimi yanaşmaq lazımdır. Rəqibə barmaqarası baxan futbolçuları xoşlamıram. Futbolçularımız hansılarla hesablaşmayıblarsa, oyunumuz zəif alınıb.

- Oktyabrın 23-də Naxçıvanda Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçirilmiş oyunu Siz də izlədiniz. Həmin matçda “Neftçi”nin çıxış etdiyi kimi oyunu öz komandanıza arzulardınız?

- Mən “Neftçi”ni heç də zəif komanda saymıram. Əksinə, bu klubun Azərbaycan futbolunda böyük izi var. Flaqmanın arzuolunmaz oyun sərgilədiyi qənaətinə siz jurnalistlər gələ bilərsiniz. Sizin arzulamadığınız oyunu isə mən də öz komandama arzulamıram.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870
avatar

Oxşar yazılar