“Klublarımızın idarə heyəti üzvlüyünə qəbul olunacaq veteran futbolçuları biz tövsiyə edəcəyik”. Bunu Lent.az-a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev deyib.
AFFA İcraiyyə Komitəsinin avqustun 14-də keçirilmiş iclasında Topaz Premyer Liqası klublarının idarə heyətində ən azı bir veteran futbolçunun yer almasına dair qərar çıxarılıb. Abdullayevin fikrincə, bu qərar həm veteranların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək: “Klubların idarə heyətində yer alacaq veteranlara əmək haqqı veriləcək. Bu yaxınlarda keçirəcəyimiz iclasda onların tərkibini müəyyənləşdirəcəyik. Elələrini seçəcəyik ki, həqiqətən də Azərbaycan futbolu qarşısında xidmətləri olsun və klubların inkişafı istiqamətində lazımi məsləhətlər verə bilsinlər”.
Abdullayev Regional Futbol Federasiyalarının prezidenti İskəndər Cavadovun “Neftçi”də yox, “Bakı”nın idarə heyətində çalışmağa razılıq verməsinə də münasibət bildirib. Onun fikrincə, Cavadovu belə qərara “Bakı”dan daha sərfəli təklif alması sövq edib: “Ola bilsin, “Neftçi”dən ona heç bir təklif irəli sürülməyib. Əvəzində “Bakı” rəhbərliyi onun xidmətlərinə ehtiyac duyub. İskəndər müəllim də təklifi dəyərləndirib”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılmalıdır. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilməlidir. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunmalı, bu strukturun formalaşması üçün AFFA lazımi köməkliyi göstərməli və proses bu ilin sonunadək başa çatdırılmalıdır.