“Futbolçu karyeramı bitirmək məcburiyyətində qala bilərdim ” - MÜSAHİBƏ
30 oktyabr 2013 18:27 (UTC +04:00)

“Futbolçu karyeramı bitirmək məcburiyyətində qala bilərdim ” - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Karlos Kardoso klubun rəsmi saytına müsahibə verib. Lent. az həmin müsahibəni təqdim edir:

 

- “Neftçi”yə gəldiyiniz gündən qısa müddətdə komandaya uyğunlaşdınız və əsas heyətdə möhkəmlənməyi bacardınız. Bir legioner üçün bu, nə dərəcədə çətindir?

 

- Azərbaycana gəldiyim gündən anladım ki, bu mühitə uyğunlaşacam. Təbii ki, hər ölkənin öz adətləri var, amma peşəkar futbolçu üçün bu, maneə olmamalıdır. Bura uyğunlaşmağımda komanda yoldaşlarımın da köməyi dəydi. Təzə gələndə “Neftçi”də çıxış edən braziliyalı həmyerlilərimlə ünsiyyətdə olurdumsa, indi bütün komanda yoldaşlarımla dostlaşmışam. Komandamızda mehriban ab-hava var və belə olduqda uyğunlaşma asanlaşır.

 

- Müdafiəçi olsanız da, bir sıra oyunlarda qolçuluq bacarığınızı da nümayiş etdirdiniz. Bəlkə də elə buna görə Kardoso tez bir zamanda azarkeşlərin sevgisini qazandı...

 

- Bir müdafiəçi kimi əsas vəzifəm rəqib hücumlarının qarşısını almaqdır. Amma hərdən hücumlara da qoşuluram və məncə, pis alınmır. İstəyirəm ki, komandamızın qələbə qazanması üçün əlimdən gələni edim. Kimin qol vurması o qədər önəmli deyil. Vacib olan sonda tabloda görünən nəticədir. Azarkeşlərə isə xüsusi təşəkkür düşür. Onların dəstəyini hər oyunda hiss edirik. Sevinirəm ki, qısa müddətdə onların sevgisini qazandım və bu münasibət qarşılıqlıdır.

 

- “Xəzər Lənkəran”la Superkubok oyununda aldığınız zədə nə qədər ciddidir?

 

- Futbol mübarizəni sevir. Belə olan halda zədə almaq da bəzən qaçılmaz olur. Həmin epizodda rəqib futbolçu ilə toqquşduqdan sonra özümdə deyildim. Bəlkə zədəm bir qədər də ciddi olsaydı, futbolçu karyeramı bitirmək məcburiyyətində qala bilərdim. Xəstəxanada tədricən özümə gəldim və başımın üzərində klub rəhbərliyini və həkimləri gördüm. Komandam ən çətin günümdə belə mənim yanımda oldu. Eyni zamanda Naxçıvanda mənə zəruri olan tibbi yardımın göstərilməsi Azərbaycanın ölkə olaraq inkişafının göstəricisidir. Hazırda müalicəmi davam etdirirəm və qısa müddətdə məşqlərə başlayacağam. İndiki vəziyyətdə “Neftçi”də hər mövqedə böyük rəqabət var və mənim də əvəzimə meydana çıxan istənilən müdafiəçi ümidləri doğruldacaq gücdədir.

 

- Bir müdafiəçi kimi Sizin üçün hansı komandaların hücum xəttinə qarşı oynamaq daha çətindir?

 

- Məncə, Azərbaycan çempionatında çıxış edən hər bir komanda təhlükəli hücumlar təşkil etmək və qol vurmaq gücündədir. Hansısa komandanı fərqləndirmək istəməzdim. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmalısan ki, istədiyin nəticəni qazana biləsən. Bir komandanın qol vurması üçün digəri səhvə yol verməlidir. Çalışmalıyıq ki, rəqibi səhv etməyə məcbur edək. Braziliya, Rumıniya və Rusiya yüksək liqalarında oynamış bir futbolçu kimi deyə bilərəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsi normaldır. Açığı, bura gəlməmişdən əvvəl komandalar arasında belə bir rəqabətin olduğu ağlıma gəlməzdi. Çempionatda mübarizə aparan 4-5 klub rahatlıqla Rusiya və Rumıniya yüksək liqasında çıxış edə bilər.

 

- Sizcə, çempionluq yolunda əsas rəqiblər hansı komandalardır?

 

- Premyer Liqada iddialı klub çoxdur. Çempionluğun taleyini bir xal da həll edə bilər. Ona görə hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. “Neftçi” 3 qat ölkə çempionudur və bütün rəqiblər bizə qarşı ikiqat güc sərf edir. Çempionluq heç kimə asan başa gəlmir. Gördüyünüz kimi, hər matçda güzəştsiz mübarizə gedir. Hədəfimiz birinci yeri tutmaqdır və bunun öhdəsindən gələ biləcək gücdəyik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005
avatar

Oxşar yazılar