“Dünya çempionatına getsəm, Azərbaycan üçün yaxşı reklam olacaq” - EKSKLÜZİV
08 noyabr 2013 12:42 (UTC +04:00)

“Dünya çempionatına getsəm, Azərbaycan üçün yaxşı reklam olacaq” - EKSKLÜZİV

Ağdamın “Qarabağ” klubunun yeni qapıçısı İbrahim Şehiç Azərbaycan futbolu tarixinə düşə bilər. Lent.az-ın məlumatına görə, 25 yaşlı qolkiper 2014-cü il dünya çempionatına Bosniya və Herseqovina yığmasının heyətində yollanma şansı qazanıb.

 

Bu məsələ müsbət həllini tapsa, Şehiç ölkə klublarının legionerləri arasında ilk dəfə Mundial həyəcanı yaşayan futbolçu sayılacaq. O, əvvəllər 3 dəfə Bosniya və Herseqovina millisində çıxış edib. 2010-cu il noyabrın 17-də Slovakiya, 2011-ci ilin 10 avqustunda Yunanıstan və 2012-ci ilin 14 noyabrında Əlcəzairlə yoldaşlıq görüşlərində forma geyinib.

 

 

Amma Şehiç 1 ilə yaxındır yığmaya dəvət almır. Qapıçı Lent.az-a açıqlamasında bunu səbəbini belə izah edib: “Əvvəlki klubum Türkiyəni təmsil edən “Mersin İdman Yurdu” idi. Lakin bu komandada baş məşqçi mənə əsas heyətdə az-az şans verirdi. Digər tərəfdən, ötən mövsümün sonunda klubumuz Superliqada 18-ci yeri tutaraq, I Liqaya endi. Bundan sonra mən azad agent statusu aldım. Məhz oyun praktikamın yoxluğu səbəbindən, milliyə çağırılmadım və 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindən kənarda qaldım”.

 

Ötən ay “Qarabağ”a azad agent kimi keçən Şehiç hələ yeni klubunda əsas heyət oyunçusu kimi meydana çıxmayıb. Lakin o, nəinki Ağdam komandasının ilk “11-liy”inə düşəcəyinə, hətta Braziliyada keçiriləcək dünya çempionatına yollanacağına inanır: “Mundialda iştirak şansım var və bunun üçün “Qarabağ”a keçmişəm. Düzdür, millinin heyətində əsas qapıçıya çevrilməyim çox çətindir. Çünki hazırda yığmamızın Asmir Beqoviç kimi qapıçısı var. O, İngiltərə Premyer Liqasında “Stok Siti”nin şərəfini qoruyur və qışda “Mançester Siti”yə keçə bilər. Mən isə 2-ci və ya 3-cü qapıçı kimi Mundiala yollana bilərəm”.

 

Şehiç “Xəbəriniz varmı ki, klublarımızın legionerləri arasında ilk dəfə Siz Mundial həyəcanı yaşaya bilərsiniz?” sualını isə belə cavablandırıb: “Doğrudan? Bunu bilmirdim. Elə isə ikiqat motivasiya ilə çalışacağam. Dünya çempionatına yollansam, bu, həm özüm, həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün ən yaxşı reklam olar”.

 

Qurban Qurbanov: “Burada qəbahət bir şey yoxdur”

 

Bununla belə, Sehiçin “Qarabağ”da əsas heyətə düşməsinə hazırda klubda Fərhad Vəliyev və Miro Varvodiç kimi qapıçıların olması da təsirsiz ötüşmür. Azərbaycan yığmasına da çağırılan Vəliyev Ağdam komandasına ən azı ilk “11-liy”in formalaşmasında yerli oyunçu kimi gərəklidir. O, son zamanlar klubunun start heyətində 4 azərbaycanlı futbolçudan biri kimi ümidləri doğrultmaqdadır. Bununla belə, Varvodiç və Vəliyev kimi təcrübəlilərlə kifayətlənməyən “Qarabağ” yeni qolkiperə ehtiyac duyub. Bu, baş məşqçi Qurban Qurbanovun hazırkı qapıçılara o qədər də inanmamasından irəli gəlmir?

 

Qurbanov Lent.az-ın sualına belə aydınlıq gətirib: “Burada qəbahət bir şey yoxdur. Məncə, 3 qapıçının olması daha normaldır. Çünki həm çempionatımız ağırdır, həm də bir müddət çıxışlarını izlədiyimiz və hazırda azad agent olan qapıçı kimi əlimizə düşən fürsətdən yararlandıq. Hazırda həm Fərhad Əliyev, həm də Miro Varvodiçin bizimlə müqaviləsi var. Onlar ən azı mayadək klubumuza məxsusdurlar”.

 

Baş məşqçinin fikrincə, hər iki qapıçının müqavilə müddətləri yekunlaşdıqdan sonra onların gələcəyi barədə nə isə fikirləşmək olar: “Qış fasiləsində bu qapıçılardan birini sataraq, kluba xeyir verməyə gəlincə, bu, sonranın işidir. Biz İbrahim Sepiçi götürmüşük ki, komandada daha da rəqabət olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619
avatar

Oxşar yazılar