İngiltərənin “Çelsi” klubu Rusiya “Anji”sinin futbolçusu Samuel Eto Onu transfer edib. Lent.az-ın “Guardian”a istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu ilə 1 illik müqavilə bağlanılacaq.
Bu keçid qarşılığında Mahaçqala təmsilçisi 5 milyon funt irəli düşəcək. 32 yaşlı forvarda isə 4 milyon funt ödəniləcək. Hazırda Londonda olan Eto O tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Samuel Eto Onun “Çelsi”də debütü avqustun 30-da baş tuta bilər. Həmin gün “zadəganlar” Almaniya “Bavariya”sı ilə UEFA Super Kuboku uğrunda görüşdə üz-üzə gələcəklər. Münhen komandasının hazırkı baş məşqçisi Xosep Qvardiola məhz İspaniya “Barselona”sında işlədiyi vaxt bu futbolçunun xidmətindən imtina edib. İndi təcrübəli hücumçu Qvardiolaya özünü sübut etdirmək əzmindədir.