Ümumdünya Boks Şurasının (WBC) prezidenti Xose Süleyman 83 yaşında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, oğlu Maurisio Süleyman atasının uzun sürən xəstəlikdən öldüyünü bildirib.
X.Süleyman kardioloq müdaxilələri səbəbindən son aylarını xəstəxanada keçirib. WBC-dən verilən açıqlamada mərhum prezident “boksun atası” kimi dəyərləndirilib.
Qeyd edək ki, Xose Süleyman 1931-ci ildə Meksikada əslən livanlıların ailəsində doğulub. O, 16 yaşından həvəskar boksla məşğul olmağa başlasa da, karyerası inzibati işlərdə daha uğurlu alınıb. X.Süleyman 1968-ci ildə WBC-yə daxil olub, bundan 8 il sonra isə qurumun əvəzsiz prezidenti seçilib. 6 dildə danışmağı bacaran prezident boksçuları zədələrdən qorumağa kömək edən bir sıra qaydalar fikirləşib. 2007-ci ildə onun adı Beynəlxalq Boks Şöhrəti Zalına salınıb.