“Avropa derbisi”, “Böyük oyun”, yoxsa boş stadionlar? - ARAŞDIRMA
01 oktyabr 2013 18:45 (UTC +04:00)

“Avropa derbisi”, “Böyük oyun”, yoxsa boş stadionlar? - ARAŞDIRMA

Son illər Azərbaycanda yeni tikilən və yenidən qurulan stadionların sayı artmağa başlayıb. Lakin bu, azarkeş sayına elə də təsir etməyib. Topaz Premyer Liqasının oyunları demək olar ki, boş tribunalar önündə keçirilir. Xüsusən, paytaxtda keçirilən matçları izləyənlər yox dərəcəsindədir. Premyer Liqanın 10 klubundan 6-sı – “Neftçi”, “Qarabağ”, “İnter”, “Bakı”, AZAL və “Rəvan” ev oyunlarını Bakıda keçirir. Zaqatala şəhər stadionu təmirdə olduğundan, “Simurq” da axırıncı turlarda bu sıraya qoşulub. İndi regionlardan yalnız Sumqayıt, Lənkəran və Qəbələdə yüksək liqa qarşılaşmaları oynanılır. Amma 3 bölgə klubunun oyunlarını izləyənlərin sayı qalan komandalarımızın ev oyunlarındakılardan kifayət qədər yüksək olur. Məsələn, ilk dövrənin VIII turunun “Xəzər Lənkəran” – “İnter” matçını 6500 tamaşaçı izləyibsə, paytaxtdakı 4 oyuna 3900 nəfər tamaşa edib:

 

“Neftçi” – “Qarabağ”: “Bakcell Arena” - 2500 tamaşaçı

“Simurq” – “Qəbələ”: “Şəfa” stadionu – 600 tamaşaçı

“Bakı” – “Sumqayıt”: “Bakı” klubunun təlim-məşq bazasının stadionu – 500 tamaşaçı

“Rəvan” – AZAL: “Bayıl Arena” – 300 tamaşaçı. 

 

Beləliklə, 5 oyunu 10400 nəfər izləyib. Onların 9000-i 2 oyunda (“Xəzər Lənkəran” – “İnter” və “Neftçi” – “Qarabağ”) iştirak edib. Lakin bu da aşağı göstəricidir. Çünki Lənkəran şəhər stadionunun tamaşaçı tutumu 15000, “Bakcell Arena”da isə 12000-dir. Hətta kiçik və orta tutumlu stadionların tribunaları yarıbayarı boş olursa, 32000-lik Tofiq Bəhramov adına Respublika və 2015-ci ilədək istifadəyə veriləcək 65000-lik Bakı Olimpiya stadionları necə doldurulacaq?

 

Lənkəran şəhər stadionunun direktoru Höccət Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, hansısa komandanın oyununa getmək üçün ilk növbədə, ona daxilən sevgi olmalıdır: “Yeganə klub “Xəzər Lənkəran”dır ki, ev oyunlarına azarkeşlər biletə pul ödəyərək gəlirlər. Amma paytaxt klubları pulla bilet satsalar, heç 500 tamaşaçı da oyunlarına gəlməyəcək. Çünki Lənkəranda insanlar futbolu çox sevirlər, “Xəzər Lənkəran”ın çıxışını stadionda izlədikdən sonra çayxanalarda müzakirə edirlər. Digər tərəfdən, biz 150-dək afişa hazırlayaraq, Lənkəran şəhərində və kəndlərində yerləşdiririk. Düzdür, heç də həmişə tribunalarımız dolu olmur. Bu da obyektiv səbəblərlə bağlıdır. Məsələn, bəzən oyunumuz vaxtı Lənkəranda xeyir-şər məclisləri olur, tamaşaçılarımızın bir hissəsi ora gedir”. 

 

2013-2014-cü il mövsümündə Avropa Liqasındakı ev oyunları vaxtı Ağdamın “Qarabağ” klubunu izləməyə xeyli azarkeş gəlirdi. Xüsusən, III təsnifat mərhələsində İsveçin “Gefle”, “pley-off”da isə Almaniyanın “Ayntraxt” komandaları ilə ilk qarşılaşmalarda Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında boş yer tapmaq müşkülə çevrilmişdi. Lakin “Qarabağ”ın Premyer Liqadakı ev oyunlarında tribunalardakı boşluqlar yetərincədir. Klubun baş direktoru Əmrah Çəlikəlin fikrincə, insanların ehtiyacları hər oyunu izləməyə imkan vermir: “Nəzərə almaq lazımdır ki, potensial azarkeşlərimizin çoxu qaçqınlardır. Onlar isə Sumqayıt şəhərində, eləcə də Bakının Dərnəgül və Yasamal massivlərində yaşayırlar. Onların oyunlara gəlmələri üçün müəyyən işlər də görürük. Amma onsuz da maddi durumu aşağı səviyyədə olan insanların matç izləməyə vaxtları və imkanları yoxdur”.

 

Əslən türkiyəli klub rəsmisi qardaş ölkə ilə Azərbaycan çempionatlarını müqayisə etməyin tez olduğunu da əlavə edib. Onun sözlərinə görə, Türkiyədə azarkeşlərin lotereyadan da pul qazanmaq imkanı var. Bu səbəbdən, oyunlar zamanı yetərincə tamaşaçı olur. Digər tərəfdən, Türkiyədə 100 ildir çempionat keçirildiyi halda, müstəqil Azərbaycan futbolu cəmi 10 ildir inkişaf dövrünə qədəm qoyub. Çəlikəl yaxın illərdə futbolumuza da marağın artacağına inam ifadə edib. 

 

Futbolun təbliğində medianın da böyük rolu var. Ölkəmizdə idman sahəsi üzrə xeyli jurnalist, qəzet, sayt, hətta ayrıca idman telekanalı mövcuddur. Onların hamısı futbolla bağlı materiallara xüsusi yer verirlər. Bu baxımdan, Premyer Liqadakı bütün oyunlara müxbirini göndərərək, geniş reportajlar hazırlayan “Futbol+” qəzetini xüsusi fərqləndirmək olar. Qəzetin baş redaktoru Mahir Rüstəmli Lent.az-a bildirib ki, tamaşaçı azlığı bir neçə amillə bağlıdır: “Peşəkar Futbol Liqası təqvimi müəyyənləşdirərkən, azarkeş marağını nəzərə almır. Oyunların hamısı həftəsonuna salınmalı olduğu halda, iş günlərində də matçlara təsadüf edilir. Bakıdakı komandalardan çoxunun ənənəsi yoxdur. Dünyada da “böyük 5-lik” ölkələri istisna olmaqla, digər çempionatlarda azarkeş azlığı müşahidə olunur. Başqa bir səbəb odur ki, klublar marketinq, ictimaiyyətlə əlaqələri düzgün qurmayıblar. Oyunların televiziya vasitəsilə müzakirəsi, ayrıca futbol verilişlərinin açılması, oyunlara dair anonsların verilməsi daha çox olmalıdır”.

 

“Xəzər Lənkəran”ın sabit azarkeş kütləsinin olduğunu deyən Rüstəmli Bakıdakı komandaların əksəriyyətinin ev oyunlarını mərkəzdən kənarda keçirdiklərini də vurğulayıb. Onun fikrincə, azarkeş azlığını oyunların səviyyəsi ilə əlaqələndirmək düzgün deyil: “Məncə, çempionatımızda yetərincə maraqlı oyun olur. Elə “Neftçi” – “Qarabağ” matçını misal göstərə bilərəm. Bu görüşdə yalnız qol çatışmırdı. O da ola bilərdi. Sadəcə, hakim “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin qolunu qeydə almamaqla səhvə yol verdi. Yeri gəlmişkən, azarkeş sayına hakimliklə bağlı belə məqamlar da müəyyən qədər təsir göstərir”.

 

İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov isə hesab edir ki, çempionatımızın oyunlarındakı azarkeş azlığını bir çox amillə əlaqələndirmək olar, oyun keyfiyyətindən tutmuş piar siyasətindəki yanlışlıqlaradək xeyli səbəb göstərmək mümkündür. Amma məsələnin həlli üçün “Qarabağ” – “Neftçi” matçına “Avropa derbisi”, “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşmasına “Böyük oyun” kimi pafoslu adlar vermək yox, sistemli iş aparılmalıdır: “Avqustun 14-də AFFA İcraiyyə Komitəsi Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyətinin yaradılması barədə qərar çıxardı. Hətta klubların boynuna qoyuldu ki, İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunmalıdır. Amma klublarda azarkeşlərlə işə də kiminsə təhkim olunması yada düşmədi. Halbuki bu, təkcə stadionlara azarkeş axınını təmin etmək üçün yox, tribunalarda fişənglərin yandırılmasının, meydana yad əşyaların atılması və dava-dalaşın qarşısını almaq üçün də lazımdır. Çünki UEFA bütün milli assosiasiyalara tribunalardakı zorakılıq, irqçiliklə mübarizəni gücləndirməyi tövsiyə edən sirkulyar məktub ünvanlayıb. Fikrimcə, klublar çoxluğu məşhur məsəldəki kimi anlayaraq, ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər. Amma onlar doğrudan da oyunlarına maraq yaradılmasını istəyirlərsə, azarkeşlərlə işə ciddi yanaşmalıdırlar. Hər biri yerləşdikləri məkandakı orta və ali məktəblərə futbolçularla birgə qonaq olmalı, görüşlər keçirməlidir. Klublar ən azı stadionun ətrafında afişalar yerləşdirməlidirlər. Məhz piar işlərinin düzgün qurulmamasının nəticəsidir ki, insanlar stadionlara futbola baxmaq üçün yox, “istefa” qışqırmağa gedirlər. Bunun ən bariz nümunəsini isə “Məhsul” stadionunun yaşıl ot örtüyünün mitinqçilərin ayaqları altında can verməsində görmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812

Oxşar yazılar