“Atletiko” klubunun futbolçusu Dieqo Kosta İspaniya milli komandasının heyətində çıxış etməyə qərar verib. Lent.az-ın məlumatına görə, FİFA Braziliya və İspaniya vətəndaşlığı olan hücumçuya iki ölkə yığması arasında seçim imkanı yaradıb.
Kosta Braziliya yığmasının heyətində rəsmi matçlarda çıxış etməsə də, İtaliya və Rusiya millilərinə qarşı yoldaşlıq görüşlərində forma geyinib. İspaniya Futbol Federasiyası isə FİFA-ya müraciət edərək, onun məhz son dünya və Avropa çempionlarının heyətində oynamasına icazə istəyib.
Qeyd edək ki, oktyabrın 7-də 25 yaşı tamamlanacaq Dieqo Kosta peşəkar futbolçu karyerası ərzində 2006-cı ildə Portuqaliyanın “Braqa”, 2007-ci ildə İspaniyanın “Atletiko” klubları ilə müqavilə bağlayıb. O, uzun müddət iki ölkənin müxtəlif komandalarına icarəyə verilsə də, 2012-ci ilin yayında “Atletiko”ya qayıdıb və bu komandada üst-üstə 65 oyuna 22 qol vurub.