“Turan” klubunun sabiq baş məşqçisi Sakit Alıyevin apasport.az saytına müsahibə verib.
- Yəqin ki, “Turan” ətrafında baş verən olaylardan xəbəriniz var. Komanda adını dəyişərək, “Turan T” olaraq I divizionda mübarizə aparacaq. Bir tovuzlu, komandanın sabiq oyunçusu və baş məşqçisi kimi fikirlərinizi bilmək maraqlı olardı...
- Səhhətimlə bağlı problem olsa da, futbolun içindəyəm. Sadəcə, stadionda bəzi qüvvələr, futbola lazımsız insanlar var, onları görmək istəmirəm. Ancaq futbola bağlı insanam. Yenidən işimə qayıtmağı, futbolçu yetişdirməyi arzulayıram. Komandanın adının dəyişdirilməsinə gəlincə, bu, düzgün deyil. “Turan”ın adını dəyişən erməni kimi bir şeydi. Bu, komanda 20 ildir türk dünyası üçün müqəddəs sayılan “Turan” adı altında çıxış edirdi, hər kəs Tovuz futbolunu bu cür tanıyırdı. Bunu edən Tovuzu, komandanı istəməyən qüvvələrdi. Yenə deyirəm, bunu kim edibsə, o, erməni kimi bir insandır.
- “Turan”ın adını dəyişənləri ittiham edirsiniz. Ancaq etiraf edin ki, tovuzlular da komandaya biganədirlər. Ən azı yerli futbol ictimaiyyəti və azarkeşlər adından bir bəyanat hazırlamaq, komandanın adının dəyişdirilməsinə seyrçi qalmamaq olardı.
- Haqlısınız, bunu etməli idik. Ancaq sıravi adamlar ciddi addım atmaq iqtidarında deyillər. Komandada işləyən, oynayan futbolçular isə nədənsə çəkindikləri üçün səslərini çıxartmırlar. Görünür, onlar hansısa qüvvələrin qabağında gözükölgəlidirlər.
- Bundan sonra nəsə etmək olmaz?
- Bunun üçün Tovuzun futbol adamları sözü bir yerə qoymalıdırlar. Ancaq heç kimdən səs çıxmır. Jurnalistlər sağ olsunlar, zəng edib fikrimi öyrənirlər. Ancaq “Turan”a bağlı olan tək mən deyiləm. Başqaları da sözünü deməlidir. AFFA-nın baş katibi Elxan Məmmədov Tovuza gələndə onunla görüşmək istəyirdim. Ancaq məni aldatdılar, burda olanda xəbər etmədilər. Onunla görüşə bilsəydim, “Turan” ətrafında baş verənləri dəqiqliyi ilə ona çatdıra bilərdim. AFFA rəhbərliyinin gördüyü işlər, futbola olan qayğı göz önündədir. Son illər “Turan” federasiyanın köməyi sayəsində ayaqda qalıb. Elə indi də komanda I divizionda çıxış edirsə, bu, AFFA-nın hesabınadır. Ancaq təəssüf ki, vəziyyət elə gətirdi ki, kimlərsə şəxsi mənafeləri üçün köklü bir klubun adını dəyişdirdilər.
- “Turan T”nin perspektivini necə görürsünüz? Komanda yenin adla öz ənənəsinə sadiq qalıb, yeni oyunçular yetişdirə biləcəkmi?
- Əgər yaxşı mütəxəssislər cəlb olunsa, işlər düzgün qurulsa, mümkündür. Uşaq futbolundan kimisə gətirib baş məşqçi qoymaq, baş aldatmaqdır.
- Hər halda, səhhətiniz düzəldikdən sonra məşqçiliyə qayıdacaqsınız. Gələcəklə bağlı konkret planınız varmı?
- Çalışıram ki, tezliklə işimin başına qayıdım. Mənimlə maraqlanan jurnalistlərə, futbol adamlarına minnətdarlığımı bildirirəm.
- Müsahibələrinizin birində demişdiniz ki, “Turan”da köməkçisi olduğunuz Naci Şensoy yenidən sizinlə birgə işləmək istəyir. O, bununla bağlı sizinlə əlaqə saxlayıb?
- Özümlə yox, komandamızın sabiq icraçı-direktoru Yaşar Sultanovla danışıb. Deyib ki, səhhətim qaydasına düşəndən sonra məni yenidən yanında görmək istəyir.