“3 qızıl, 2 gümüş medal böyük uğurdur” - MÜSAHİBƏ
27 sentyabr 2013 12:29 (UTC +04:00)

“3 qızıl, 2 gümüş medal böyük uğurdur” - MÜSAHİBƏ

İndoneziyanın Palembanq şəhərindəki III İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 2 gümüş medal qazanan Azərbaycanın karate üzrə milli komandası vətənə qayıdıb. Lent.az komandanın baş məşqçisi Rəhman Hətəmovun Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə müsahibəsini təqdim edir.

 

- Belə nəticəni gözləyirdiniz?

 

- Rəqiblərimizin bir çoxu adlı-sanlı karateçilərdən ibarət olan, karatedə dominantlıq edən ölkələr sayılır. Lakin mən bütün uşaqlardan medal gözləyirdim. Rafael Ağayevin qələbəsinə şübhəm yox idi və o, yenə ən güclü olduğunu sübut etdi. Ayxan Mamayev və Şahin Atamov isə öz əzmkarlıqları ilə məni xüsusilə sevindirdilər. Niyazi Əliyev isə uzun müddətli zədədən sonra ilk dəfə belə böyük yarışa çıxırdı. Buna baxmayaraq, bütün kollektiv etimadı doğrultdu və sevindirici haldır ki, 5 çəki dərəcəsindən 4-nün finalında Azərbaycan karateçiləri döyüşdülər. Bu böyük uğurdur.

 

- Komanda yarışının final döyüşü isə daha maraqlı alındı...

 

- Bəli. Karateçilərimiz fərdi olaraq həmişə uğur qazansalar da, ilk dəfə idi ki, belə böyük turnirin komanda döyüşlərində yarışında birinci olduq. İslam ölkələrinin baş yarışında qalib olmaq qürurvericidir. Xüsusən, finalda İran kimi güclü komandaya qalib gəlmək. Onların heyəti bizdən həm atletik, həm də çəkilərinə görə böyük idi. Lakin uşaqların əzmkarlığı qarşısında İran karateçiləri də dayana bilmədilər. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun döyüşlərimizi tribunadan izləməsi də uşaqlarda böyük ruh yüksəkliyi yaratdı.

 

- Zədə problemi olmasa, hazırkı heyət birlikdə neçə il döyüşə bilər?

 

- Hazırda komandamızın ən gənc üzvünün 21, ən yaşlısı olan Rəfaelin isə 28 yaşı var. Karatedə maksimum 35 yaşadək döyüşmək olar. Deməli, zədə problemi olmasa, bu komanda azı 5 il Azərbaycanın şərəfini layiqincə qoruya biləcək. Təki zədə olmasın. Məsələn, mən özüm 18 yaşımda, Azərbaycanın ilk dünya çempionu olsam da, zədə üzündən karyeramı çox tez bitirməli olmuşam.

 

- Bu gün Azərbaycan karate yığması dünyanın ən güclülərindən sayılır. Bəs yığma üzvlərini sabah əvəz edəcək ehtiyat qüvvə var?

 

- Bu gün bizim perspektivli ehtiyat qüvvəmiz, gənclərimiz var. Onlar da indiki nəsli tədricən layiqincə əvəz edəcəklər. Komandamızda nəsil dəyişikliyi tədricən gedir. Heyət birdən-birə yenilənmir. Ona görə də heyət heç vaxt zəifləmir. Bizim güclü karate məktəbimiz olub. Bu məktəbin başında isə Ülvi Quliyev, Füzuli Musayev, Yaşar Bəşirov, Əhməd Hətəmov kimi güclü karateçilər dayanıblar. Bu gün gənclərimiz onları layiqincə əvəz edə bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229
avatar

Oxşar yazılar