“3 ilə 211 milyon manat sərmayə qoymuşuq” - AÇIQLAMA
13 dekabr 2013 17:54 (UTC +04:00)

“3 ilə 211 milyon manat sərmayə qoymuşuq” - AÇIQLAMA

“Azərbaycanda futbola maraq gündən-günə artır. Topaz-ın Peşəkar Futbol Liqası ilə birgə layihəsini müsbət qarşılayır və Azərbaycan futbolunu dəstəkləməsini yüksək qiymətləndiririk”. Lent.az-ın məlumatına görə, bunu “Azəridmanservis” Dövlət Müəssisəsinin baş direktoru Azər Məhərrəmov Topaz Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu və ən gözəl qolunun müəllifinin mükafatlandırma mərasimində deyib.

 

“Azerİnteltek” şirkətinin rəhbəri Ahmet Sezer isə PFL-lə iki ildir əməkdaşlıq etdiklərini xatırladaraq, gələcəkdə də birgə işi davam etdirmək niyyətlərini bəyan edib. O, bildirib ki, bir neçə il öncə Azərbaycan klublarının avrokuboklarda iştirakı xəyal kimi idisə, son illər həm klub səviyyəsində, həm də milli komandada nəzərəçarpacaq inkişaf var: “Ölkə futboluna dəstək verdiyimiz üçün şadıq. İdmanla əlaqədar layihələrimizdə sürətlə çalışırıq. Topaz Premyer Liqasında ən yaxşıların mükafatlandırılmasında artıq 25000 manat pul mükafatı təqdim etmişik. 3 il ərzində 211 milyon manat pul yatırımı etmişik. Son 2 ayda isə əhali bizdən 14 milyon manat qazanıb. Bu yöndə işimizi davam etdirəcəyik. Həm Vaqif Cavadovu, həm də Elnur Abdullayevi uğur qazanması münasibətilə təbrik edirəm. Azərbaycan futbolunda Berti Foqts, Mustafa Denizli kimi məşqçilər var. Futbola olan maraq gündən-günə artır. Yaxşı məşqçi yaxşı idmançılar yetişdirəcək. Azərbaycan futbolunun gələcəyinə nikbin baxıram. Hakimlərlə bağlı problem hər yerdə var. Milli hakimlərə üstünlük verilməsinin tərəfdarıyam. Futbolda xəta olmasa, qol olmaz. Hakimlərin səhvləri də olur, amma düzgün qərarları da vurğulamaq lazımdır”. 

 

Premyer Liqanın yayım hüquqlarının hər hansı xarici şirkətə satılması barədə yayılan xəbərləri əsassız adlandıran Sezer bildirib ki, bununla bağlı PFL-dən də açıqlama verilib: “Bizim tərəfimizdən də heç bir danışıqlar aparılmayıb”.

 

Tədbirdə iştirak edən PFL-in texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov da qaliblər haqqında fikirlərini bildirib: “Vaqif Cavadov ötən ay, həm şərəfini qoruduğu “İnter”də, həm də milli komandanın heyətində faydalı olub. Elnur Abdullayevin ifasında bu cür qolları bir neçə dəfə görmüşük. Hər iki futbolçuya gələcəkdə uğurlar arzulayıram”.

 

Hüseynov növbəti mövsümdən Premyer Liqanın formatının dəyişdirilməyəcəyini də əlavə edib. Onun sözlərinə görə, AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında Premyer Liqanın formatının dəyişdirilməsi yox, Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ müzakirə olunacaq: “Premyer Liqanın formatının dəyişdiriləcəyi ilə bağlı söz-söhbətlər sadəcə fərziyyədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202
avatar

Oxşar yazılar