İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təntənəli açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldıran İntiqam Zairov aparıb.
“Gelora Sriwijaya Jakabaring” stadionunda baş tutan mərasimdə Azərbaycan komandası azarkeşlər önünə Əlcəzairdən sonra, ikinci daxil olub. Tədbirin rəsmi hissəsində İndoneziya prezidenti Susilo Bambanq Yudono çıxış edərək müsəlman dövlətlərinin birliyi baxımından İslam Həmrəylik Ölkələrinin oyunlarının böyük əhəmiyyət daşıdığını bildirib. İndoneziyanın idman naziri Roy Surya və İslam Həmrəyliyi Oyunları Federasiyası (ISSF) rəhbəri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti şahzadə Nəvvaf bin Feysəl də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Andiçmə və dua oxunmasından sonra meydan incəsənət ustalarına verilib. Denni Malikin müəllifi olduğu “İslam həmrəyliyi ruhu” mövzusunda rəqs şousuna tamaşa etdikdən sonra, açılış mərasimi atəşfəşanlıq və bədii hissə ilə davam edib.
Açılış mərasimindən öncə isə xüsusi şəhərcikdə Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və nümayəndə heyətimizin digər üzvləri iştirak ediblər. Dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı yüksəldildikdən sonra təşkilat komitəsinin xüsusi hədiyyəsi Azərbaycan nümayəndə heyətinin şef de missionu Vaqif Əliyevə təqdim edilib.
Sentyabrın 23-də Azərbaycan idmançılarından karateçilər və badmintonçular mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, növbəti, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçiriləcək.