Premyer Liqanı tərk edən "Bernli"nin 38 yaşlı baş məşqçisi karyerasını Bundesliqada davam etdirə bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, tanınmış insayder Fabrisio Romanonun sosial şəbəkələrdə yazdığına görə, “Bernli”nin baş məşqçisi, “Mançester Siti”nin keçmiş futbolçusu Vensan Kompani Almaniya komandasını tərk edən Tomas Tuxelin əvəzinə “Bavariya”ya rəhbərlik edə bilər.
Mənbənin məlumatına görə, Kompaninin namizədliyi "Bavariya" rəhbərliyi tərəfindən müzakirə olunub. Münhen klubunun baş məşqçisi postuna həmçinin “Brayton”un keçmiş çalışdırıcısı Roberto de Zerbi də namizəddir.
Mətbuatda Xabi Alonso, Yulian Naqelsmann, Ralf Ranqnik, Sebastyan Heness, Roqer Şmidt, Xulen Lopeteqi, Oliver Qlasner və Unai Emerinin daha əvvəl "Bavariya"ya rəhbərlik etmək imkanından imtina etdiyi barədə məlumatlar yayılıb.
Vensan Kompani 2022-ci ildən "Bernli"ni çalışdırır. Bundan əvvəl o, “Anderlext”ə rəhbərlik edib.
Belçikalı futbolçu karyerası ərzində “Anderlext”, “Hamburq” və “Mançester Siti” kimi klublarda çıxış edib. 2004-cü ildən 2019-cu ilə qədər Vensan Belçika millisində oynayıb və burada 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatında bürünc medal qazanıb.