“Legiya”nın hücumçusu Mahir Emreli Polşa mətbuatına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, yayda “Qarabağ”dan Varşava klubuna keçən Azərbaycan millisinin üzvü Polşanı seçməsinin səbəblərindən və gələcək planlarından danışıb.
- “Qarabağ” Polşa çempionatında yüksək yerlərdə qərarlaşar?
- Çox güman ki. Bir il əvvəl “Qarabağ” “Legiya” ilə oyunu yada salın. Azərbaycan çempionu çətin vəziyyətdə idi, çünki yalnız bir görüşdən ibarət idi, o da Polşada keçirildi. Buna baxmayaraq, həmin matç üçün planımız var idi və bunu yüz faiz həyata keçirdik. “Legiya”nın daha açıq futbol oynaması üçün hesabı erkən açmaq istəyirdik. Nəticədə 3:0 hesabı ilə qalib gəldik. Bu görüşün nəticəsi və statistikası öz sözünü dedi. Hər halda, “Qarabağ”ın avrokuboklarda Polşa klubunu mübarizədən kənarlaşdırması ilk dəfə deyildi. Bir neçə il əvvəl “Pyast”a, hətta daha öncə “Visla”ya qarşı da eyni hal yaşanmışdı.
- Axı Polşada Azərbaycan çempionatına o qədər də qiymət verilmir...
- Liqa qiymətləndirilməyə bilər, amma çempionu qiymətləndirmək lazımdır. Bir çox ölkələrdə Azərbaycandakı kimi vəziyyət var. Bolqarıstanda liqa Polşadakından zəifdir, amma “Ludoqorets” zəif deyil ki. Ardıcıl 6-cı mövsüm avrokubokların qrup mərhələsinə yüksəldi. Avstriyada da çempionun digərlərinə nisbətən böyük üstünlüyü var. Bunun bir çox nümunəsini demək olar. Bir daha deyirəm ki, ölkə çempionunun daha yaxşı olması liqanın yüksək səviyyədə olduğu anlamına gəlmir. Oyunları və birinci yeri tutan komandaları ayrı-ayrılıqda müqayisə edə bilərik. Bunu eyniləşdirməyin mənası yoxdur.
- “Legiya” irəliləyiş baxımından “Qarabağ”dan daha yaxşıdır?
- Polşa çempionatına Azərbaycan liqasından daha çox baxılır. Ekstraklasa çox yaxşı təkmilləşib, hər “transfer pəncərəsi”ndə bir neçə oyunçunu ən yaxşı liqalara verir. Bunun sayəsində Azərbaycan çempionatından daha yüksək nüfuza malikdir. Daha çox potensial alıcıların maraqlandığı bir sərgidir. “Legiya”ya keçmək qərarına gəlməyimin ilk səbəbi budur. Hamımızın gerçəkləşmək istədiyimiz xəyallarımız var, amma əvvəlcə prosesi başlamaq üçün bir addım atmalısınız. Mən də Polşa klubu ilə daha yüksək səviyyəyə çatmaq üçün müqavilə bağladım. Sevdiklərimlə, hətta “Qarabağ”ın baş məşqçisi ilə birlikdə başqa variantları təhlil etdim ki, bundan sonra hara getməliyəm? Qərara gəldik ki, “Legiya”nın qurduğu sxem bizə ən uyğunudur. Komanda hər oyunda dominantlıq edir, çoxlu vəziyyətlər yaradır. Bu da hücumçu üçün çox vacibdir.
- Yayda başqa hara keçmək variantınız var idi?
- Yalnız onu deyə bilərəm ki, Belçika, Avstriya, Portuqaliya və Macarıstan klublarından ciddi maraq var idi.
- Onlar Polşa çempionatından daha yaxşıdır...
- Macarıstan çempionatının Polşadakından yaxşı olub-olmadığını bilmirəm. Belçika, Avstriya və Portuqaliya liqaları daha yüksək səviyyədə ola bilər. Amma məni istəyən komandalar “Legiya”dan güclü deyildi.
- “Legiya” illərlə daxili çempionata ağalıq edə bilər. Bəs avrokuboklarda müntəzəm çıxış etmək mümkündür?
- Bu il klub tarixində daha gözəl səhifənin başlanğıcı olması üçün hər şeyi edirik. Avrokubokların təsnifat mərhələsində keyfiyyətli oyunçulardan ibarət yaxşı komandamızın olduğunu sübut etdik.
- Hər bir hücumçu çempionatın bombardiri olmağı xəyal edir...
- Mən Polşa çempionluğunu xəyal edirəm. Əgər Ekstraklasanın bombardiri olsam və ya ən yaxşı futbolçusu seçilsəm, komandamız isə titul qazana bilməsə, fərdi mükafatlar haqda nə demək olar? Yekunda hamımız məğlub olacağıq. Çempionatın qızıl medallarına sahib olmağı arzulayıram, nəinki fərdi nailiyyətlərə görə heykəlciklər.
- Amma bombardirlik daha yaxşı kluba keçidinizə kömək ola bilər...
- Yəqin ki, bəli. Amma ən çox “Legiya”nın kuboklar qazanmasına və matçlarda qalib gəlməsinə kömək etmək üçün buradayam. “Legiya” mənə bir şans verib, onu qaytarmalıyam. Öz ambisiyalarımı komandanın istəyindən üstün tutmayacağam.
- Avropa Liqasının qrupundakı rəqibləriniz barədə nə düşünürsünüz?
- Qrupdakı komandalara nəzər yetirəndə düşündüm ki, Çempionlar Liqasının təsnifat mərhələsini keçmişik. Çünki rəqiblər çox güclüdür. Çempionlar Liqasında da belə bir qrupun olması mümkün idi. Hər bir futbolçu üçün güclü rəqiblərlə çıxış etmək məqsədlərdən biridir. Çox çətin rəqiblərimiz var, bunun sayəsində belə görüşlərdə təcrübə toplayaraq inkişaf edə bilərik.
- Daha çox xal toplamaq və pley-offa vəsiqə qazanmaq üçün nisbətən zəif rəqiblərlə qarşılaşmaq istəməzdiniz?
- Uşaq olanda məşqçim mənə demişdi ki, əgər oyun varsa, bu böyük bayramdır. Avropa Liqasının qrup mərhələsindəki çıxışlara münasibətim belədir - dəvətnaməni özümüzün qazandığımız əla bir gecə olacaq.