George Haci
01 mart 2021 13:30 (UTC +04:00)

George Haci

“Türkiyə yığmasında oynasaydım, dünya çempionu olardıq” - SİRLİ ULDUZLAR

O, futbolu sevdirənlərdən olub. Topla rəftarı, driblinq bacarığı, uzun ötürmələri və sol ayağı ilə uzaq məsafədən vurduğu dəqiq zərbələrə söz ola bilməzdi. Məhz bu xüsusiyyətlərinə görə ona “Karpat Maradonası” deyirdilər.

Lent.az-ın “Sirli Ulduzlar” layihəsinin budəfəki qəhrəmanı “Real” və “Barselona”nın formasını geyinmiş, karyerasını “Qalatasaray”da bitirmiş və iki dəfə bu komandanın baş məşqçisi olmuş George Hacidir. Rumıniya yığmasının sabiq üzvü həyat səhifəsini vərəqləyəcək...

Popeskunun bacanağı

“Mənim futbol dünyam böyük bir dünyadır. Gənc yaşlarımdan qəhrəmanlarım, kumirlərim var idi. “Styaua”dan başlayaraq “Real”, “Breşiya”, “Barselona” və “Qalatasaray” kimi böyük klublarda əla futbolçularla birlikdə oynadım. Dəyərli məşqçilərim oldu. Hamısı ilə yaxşı münasibət qurmağa çalışdım, hər birinin ürəyimdə ayrıca yeri var. Futbol dünyasındakı bütün önəmli şəxsləri tanıyıram. Təbii ki, digərləri ilə müqayisədə Georgi Popesku mənə daha yaxındır. Eyni ölkədənik, eyni komandalarda oynamışıq və ailəmin bir üzvüdür, axı onunla bacanağıq”.

“Futbol oynamaq üçün doğulmuşdum”

“Futbolda etdiklərimlə qürur duyuram. Mən futbola çox şey verdim, futbol da mənə. Taleyim, qədərim futbol oynamaq idi. Uşaqlığımdan topu sevdim. Hədiyyələri sevməyən bir insanam, amma top hədiyyə ediləndə çox sevinirdim. Futbol oynamaq üçün doğulmuşdum, indi də futbolun içindəyəm. Mənim üçün iki önəmli şey var: futbol və ailəm. Başqa heç nə təsirləndirə bilməz məni”.

“Məni həyat deyilən savaşa hazırladı”

“Atam və anam çox istedadlı, bacarıqlı insanlar idi. Buna görə mənim kimi övlad dünyaya gətiriblər (gülür). İnsan kimi formalaşmağımda əziyyətləri çoxdur. Yaradıcı, kreativ insan olduğumu düşünürəm və bu özəlliyimi onlardan götürmüşəm. Bir insanın yetişməyində ailəsi ilə yanaşı, məktəb də böyük rol oynayır. Amma təbii ki, ən böyük dərsimi idmandan aldım. Məni idman yetişdirdi, məni futbol yetişdirdi, həyat deyilən savaşa, mübarizəyə hazırladı. 24 saat futbolu düşünən biriyəm”.

“Doğuşdan bəri “10 nömrə”yəm”

“Düzdür, karyeramın ilk illərində 11 nömrəli forma geyinirdim. Amma doğuşdan bəri “10 nömrə”yəm. Sadəcə, bunu qazanmaq üçün özümü göstərməliydim. Meydanda sərgilədiyim oyunla 10 nömrəni haqq etdiyimi isbatlamalıydım. Bunu bacardım. “10 nömrə”ni daşıyan futbolçu yaradıcı, döyüşkən, meydanda qərarlar verə və fərq yarada bilən - bir sözlə əsl kişi olmalıdır. Mənim anlamımda “10 nömrə” budur”.

“Ondan sonra bəxtim gətirməyə başladı”

“Bir futbolçunun böyüməsi üçün yaxşı komandalarda oynaması lazımdır. Buna görə də 1987-ci ildə “Styaua”ya keçidim karyeramda böyük rol oynadı. Mənim “Styaua”ya, “Styaua”nın isə mənə ehtiyacı var idi. Bir sözlə, aramızda yaxşı “evlilik” oldu (gülür). Rumıniyanın ən böyük klubunda oynadım. Ondan sonra bəxtim gətirməyə başladı. Məhz ordan “Real Madrid”ə keçdim. “Kral klubu”ndan mənimlə ilk təmasa keçən şəxs klubun prezidenti olmuşdu. Həmin vaxt çox komandanın maraq dairəsində idim. Amma Ramon Mendoza daha istəkliydi və Buxarestə qədər gəldi. Mən də bu səbəbdən “Real”la müqavilə imzaladım”.

“Ən yaxşı futbol İtaliyada oynanılırdı”

“Real”da Con Benjamin Toşak və Emilio Butraqenyonun rəhbərliyi altında oynadım. Hər ikisi ilə indinin özündə də münasibətim var, əlaqə saxlayırıq. Mənə çox şey öyrədiblər. “Real”da çox gözəl iki il keçirdim. Sonra İtaliyaya gedişim tamamilə özümə aid olan qərar idi. Yəni o qərarı qəbul etməyim üçün heç kəs təzyiq göstərməmişdi, “Real”dan getməyimi istəyən olmamışdı. Niyə ayrıldım? Çünki o dönəmdə ən yaxşı futbol İtaliyada oynanılırdı. Məqsədim “Breşiya” kimi ortabab komandada A Seriyasına uyğunlaşmaq, sonra daha iddialı kluba keçmək idi. Təbii ki, seçimimdə məni uşaqlıqdan tanıyan Mirça Luçesku da rol oynamışdı. Ona “yox” deyə bilməzdim. Sonra İtaliyanın daha böyük klubuna keçə bilməsəm də, “Barselona” kimi kluba transfer olundum. Yadımdadır, “Breşiya” ilə B seriyasına düşmüşdük, həmin liqada oynayandan sonra “Barselona”ya keçdim. Uyğunlaşmaq üçün zamana ehtiyacım var idi. İki ay müddətinə zədələndim. Amma bu problemləri geridə qoyduqdan sonra müntəzəm oynadım. Təbii ki, orda rəqabət böyük idi, heyətə düşmək asan deyildi”.

Meksikaya gedirmiş, “Qalatasaray”a keçib

“Qalatasaray”a keçdiyim ərəfədə “Nyukasl”dan da təklif almışdım, amma Meksika klubu ilə müqavilə bağlamaq ehtimalım daha çox idi. Vizanın hazır olmasını gözləyirdim. Elə o vaxt “Qalatasaray” variantı ortaya çıxdı. Türkiyənin yaxınlığı və bənzər şərtlər mənim üçün önəmli idi. Bundan əlavə, Avropada uğurlu olacağıma inanırdım. Yaxşı ki, həmin vaxt “Qalatasaray”a keçmişəm.

Türkiyəyə yeni gələndə fiziki cəhətdən tam hazır deyildim. “Monako” ilə hazırlıq matçından öncə sadəcə 2 məşqə çıxmışdım. Müqaviləmə xüsusi bənd əlavə etdirdim: Avropada kubok qazansaq, böyük mükafat alacağam! Mən karyeram boyunca ən yaxşı olmaq üçün çalışdım. Bunu bacarsanız, pul özü sizə gələcək. Təzyiq altında oynamağı çox sevirdim. Çünki bu, mənə motivasiya verirdi. Mən ikinci və ya üçüncü olmaq üçün doğulmamışam, həmişə ən yaxşı olmağa can atmışam”.

“Terimdən çəkinmirdim...”

“Fatih Terimin meydanda bizdən nə istədiyini çox yaxşı anlayırdım və bunu komanda yoldaşlarıma da izah edirdim. Hər məşqçinin lider oyunçuya ehtiyacı var, amma birinci lider özü olmalıdır. Terim bizi çox yaxşı yönləndirirdi, qələbə qazanmağı sevən biridir. O vaxtkı klub rəhbərliyimiz də çox yaxşı idi. Hər zaman komandaya güvənirdilər. Uğurlarımızın təməlində bu birlik dayanırdı. Terimdən çəkinmirdim, amma ona həmişə hörmət etmişəm.

Mirça Luçesku futbolu bilən, futbolçunu bilən, bir insan olaraq mənə çox şey öyrədən biridir. Olduqca ağıllı və yaradıcı insandır. Öz üzərində işləməyi çox sevir, çünki o da futbolla nəfəs alır. Məni gənclər komandasından birbaşa əsas milliyə gətirən adamdır. Karyeramda önəmli yer tutur”.

“Fasilədə oyandıq və 3 qol vurduq”

“Real”a 3:2 hesabı ilə qalib gəldiyimiz oyun... “Fasilədə nə baş verdi ki, ikinci hissədə 3 qol vurub qələbə qazandınız” sualını o qədər veriblər ki... Heç nə baş vermədi. Sadəcə, Fatih Akyel oyuna daxil oldu. Nəticədə birinci hissədə qorxan komanda ikinci yarıda əsl kişi kimi oynamağa başladı. Təbii ki, işlər qaydasında getməyəndə yüksək səslə danışmaq lazım gəlir (gülür). Bunu etməlisən ki, yatanlar oyansınlar. Biz fasilədə oyandıq və ikinci hissədə 3 qol vurduq. Əslində 4 qol vurduq, amma biri sayılmadı. Hakan Şükür kimi, Mario Jardel də əla hücumçu idi, qol vurmağı yaxşı bacarırdı. UEFA Superkubokunu qazanmağımızda və Çempionlar Liqasında irəliləməyimizdə çox böyük rol oynamışdı”.

“Türkiyə yığmasında mən çatmırdım”

“Qalatasaray”da keçirdiyim 5 il möhtəşəm idi. Sadəcə, son ildə fiziki olaraq çətinlik çəkirdim. Həmin vaxt “Qalatasaray”da çox gözəl işlər görüldü, bunun da sayəsində komanda milliyə 13 oyunçu göndərirdi. O illərdə Türkiyə futbolu çox inkişaf etmişdi. Bunun nəticəsi olaraq, milli də uğur qazandı, dünya üçüncüsü oldu. Amma onu deyim ki, həmin Türkiyə yığmasında mən çatmırdım. O komandada Haci olsaydı, Türkiyə dünya üçüncüsü yox, çempion olardı. Çünki mən bu idim: üçüncülüklə çempionluq arasında fərq yaradan futbolçu”.

“Ballon d’Or”u qazana bilərdim, imkan vermədilər”

Bütün futbolçular bahalı avtomobil idarə edərkən mən “Tempra” sürürdüm. Çünki digərlərindən fərqli, mən təkcə futbolu sevirdim. Hər kəsin bir hobbisi, hədəfi var. Bəziləri yeməyi sevir, bəziləri saatları, maşınları... Mən sadəcə gördüyüm işdən həzz alıram. Buna görə də ancaq və ancaq futbolu düşünürəm. Futbolçu olanda da beləydim, indi də beləyəm.

“Qalatasaray”la UEFA Kubokunu qazandığım il “Ballon d’Or”u da əldə edə bilərdim. Amma bunun qarşısını almaq üçün oyunlarda mənə çoxlu vərəqə göstərdilər. 35 yaşında olmağıma baxmayaraq, o zaman üçün Avropanın ən yaxşısı idim. Yohan Kroyff kimi futbolçu dünyanın ən yaxşı “10 nömrə”ləri sırasında adımı çəkmişdi. Mən də dünya çempionu olmaq istərdim, lakin mümkün deyildi. Axı dünyaya rumın olaraq gəlmişəm”.

“O, futbolu dəyişdirən adam idi”

“Hansısa futbolçu ilə müqayisə edilməyi və ya kiməsə bənzədilməyi heç vaxt xoşlamamışam. Bu cür müqayisələr və ya bənzətmələr heç kimə uğur gətirmir. Mənim əsas kumirim Yohan Kroyff olub. Çünki o, təkcə futbolçu deyildi, həm də futbolu dəyişdirən adam idi. Həm futbolçu, həm də məşqçi kimi futbola gətirdiyi yeniliklərin şahidi olmuşam. Buna görə də Kroyff mənim üçün hamıdan öndə gəlir”.

Əmrə, Arda, Riberi...

“Qalatasaray”da olduğum müddətdə çox “uşaq” kəşf etdim. Bunu yaxşı bacarıram, çünki bayaq da dediyim kimi, yaradıcı insanam. Əmrə, Arda, Riberi... Siyahını uzatmaq da olar. Türkiyədə, Rumıniyada saysız-hesabsız istedadlı futbolçular var. Sadəcə, onları üzə çıxartmağı bacarmalısan.

Bu vaxtadək iki dəfə “Qalatasaray”ı çalışdırmışam. Üçüncü dəfə də ola bilərmi? Ola bilər, amma mövsümün ortasında yox, əvvəlində bu təklifi qəbul edə bilərəm. Uğurlu olmaq günlük planlarla mümkün deyil. Sistem qurmaq lazımdır. Bütün planlarımı həyata keçirmək üçün mənə zaman verilməlidir. Yalnız bu halda yenidən “Qalatasaray”ı çalışdırmağa razı olaram”.

“Hakan Şükürə hələ də əsəbiyəm”

“UEFA Kubokunun finalında əsas vaxtın son dəqiqəsində cərimə zərbəsi qazandıq və onu Hakan Şükür yerinə yetirdi. Həmin epizoda görə hələ də Hakana əsəbiyəm. Dörd il bir yerdə oynadıq, ilk dəfə onda cərimə zərbəsi vurmaq istədi. Niyəsini özü izah etsin. Haqlı olaraq əsəbiləşmişdim (gülür). O oyunda qırmızı vərəqə də aldım. Haqsız yerə meydandan qovulduğumu düşünürəm. Hakim Toni Adamsa sarı vərəqə göstərdiyi üçün mənə də sarı vərəqə verməliydi”.

Bəzi matçlarda sadəcə mənə qarşı kobud oynamaq üçün meydana çıxan futbolçular olurdu. Başıma nələr gəldiyini, həmin oyunçulara hansı tapşırıqların verildiyini yaxşı bilirəm. Amma mübarizəni sevən biriyəm. Futbol sərt oyundur, savaşmağı öyrənməli, qəbul etməlisən. Qorxmaq olmaz! Başqa cür yüksək səviyyədə futbol oynaya bilməzsən”.

“Qalatasaray” onu istəmədikdən sonra nə etməliydi?”

“Əmrə Belözoğlu çox istedadlı idi. Karyerasının sonunadək fiziki formasını yaxşı saxladı. Amma legioner həyatında daha böyük uğurlara imza ata bilərdi. Çünki superistedad idi. Avropanın hər klubunda oynaya biləcək potensiala, səviyyəyə sahib idi. Niyə bacarmadı? Niyəsini özü yaxşı bilir.

Əmrəni “Qalatasaray”da olduğu vaxt “Mən “Fənərbaxça”lıyam” dediyinə görə qınadılar. Amma mən o sözü işlətdiyinə inanmıram. Tək bildiyim odur ki, xaricdən qayıdandan sonra “Qalatasaray”ın ona davranışından narazı qalmışdı. “Qalatasaray” onun evi idi, onun da evinə dönməsi lazım gəlirdi. Amma “Qalatasaray” onu istəmədikdən sonra nə etməliydi? Futbolu buraxmalıydı? “Fənərbaxça”lı olduğunu söyləməsə, onu orda qəbul etməzdilər. Məncə, həmin sözləri işlədibsə belə, məcburən söyləyib.

Gördüyüm ən yaxşı qapıçı kimdir? Təbii ki, Taffarel! Heç kim onunla müqayisə edilə bilməz. Taffarel dünyada təkdir, bir nömrədir. Çünki o, qapıçılıq anlayışını dəyişdirdi. Anormal qapıçı idi”.

“Qapıçılar məni sevmirdilər”

“Əsl “10 nömrə” həm 30 metrdən qol vurmağı, həm də uzun ötürmələr verməyi bacarmalıdır. Ötürmə verməyi xoşlayırdım. Amma qol vurmaq hər şeydən gözəldir. Vurduğum qolların 70 faizinə cərimə meydançasından kənarda imza atmışam. O qədər qoldan birini seçmək çox çətindir. Bir onu bilirəm ki, qapıçılar Hacini sevmirdilər. Sevməzlər də... (gülür). Ən yaxşı assistim isə DÇ-1994-də Argentina ilə oyunda iki oyunçunun arasından Dimitreskuya verdiyim ötürmədir”.

“Pulu düşünsəydim, karyeramı davam etdirərdim”

“Çoxu futbolu tez buraxdığımı düşünür. 36 yaşındaydım, amma hələ də oynaya bilərdim. Sadəcə, futbola hər şeyimi artıq verdiyimi düşündüm, özümü tamamlanmış hiss etdim. O an həmin qərarı vermək gəldi içimdən. Həmin mövsüm 60-a yaxın oyun keçirmişdim, yaşım da az deyildi. Pulu düşünsəydim, karyeramı davam etdirərdim. Amma daha motivasiyamın qalmadığı qənaətinə gəldim və “bəsdir” dedim”.

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9987
avatar

Rizvan Babayev

Oxşar yazılar